"Üstümüzə çökəndə səbr etmək olmazdı?" - Samir Abasov
05.03.2022 - 21:28
"Üstümüzə çökəndə səbr etmək olmazdı?" - Samir Abasov

“Bu gün nələr çəkdik, bir Allah bilir. Oyunun sonu yaxınlaşdıqca həm bizdə, həm də futbolçularda həyəcan hiss olunurdu”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XVIII turunda “Səbail”lə oyun barədə danışarkən deyib.

Son çempion doğma arenasında autsayder üzərində 2:0 hesablı qələbə qazanıb.

44 yaşlı mütəxəssis qarşılaşmadan sonra mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Sevindirici haldır ki, sonda qollar vurub qələbə qazandıq. Oyunboyu nəzarəti əldə saxlamaq o qədər də önəmli deyil. Vacib məqam təşvişə düşməmək, təmkinli olmaqdır. Bu gün də futbolçular bunu göstərdi".

- Yeni transferlərin durumu sizi qane edir?
- Eddi İsrafilov bütün oyunlarda iştirak edir. Amma onları ayırmaq istəməzdim. Başa düşürəm ki, uyğunlaşma dönəmindədirlər. Amma məşqdə göstərdikləri və oynamaq istəmələri məni qane edir. Kimsə assist edə, qol vura bilər. Amma bu, mənim üçün çox da önəmli deyil.

- Ramon Maçado formada olsa da, bu gün sonradan meydana buraxdınız. Tiaqo Bezerranın ilk dəqiqələrdən meydanda olmasının səbəbi nədir?
- 3-4 oyundan əvvəlki konfransda deyilirdi ki, Maçado "Neftçi"yə uyğun futbolçu deyil. Bizim üstümüzə çökəndə səbr etmək olmazdı? İndi Tiaqo əsas heyətdə oynadısa, yenə məşqçi pis oldu? Biz də istəyirik ki, hamısı formada olsun. Komandada balansı qorumaq çox önəmlidir. Əvvəlki matçlarda nə etməyin önəmli deyil. Bu gün Maçado oynamasaydı belə, bunu anlayışla qəbul edəcəkdi. Hərdən bəzi oyunçulara görə sistemi dəyişirsən ki, paslanmasınlar. Sistemi Azər Əliyev, Tiaqo Bezerra, Gilyerme Patoya görə dəyişdik ki, formadan düşməsinlər. Bizim çempionatda heç bir komandada Tiaqo kimi hücumçu yoxdur.

- Sabahkı "Qarabağ" - "Neftçi" matçının hansı nəticə ilə bitməsini istərdiniz?
- Hansı nəticə olursa-olsun, bizə öz oyunlarımız önəmlidir. Ən vacibi ilk "dördlük"də olan komandalarla duellərdə stress yaşamamaqdır. Sabah istənilən nəticəyə görə qazanan biz olacağıq.