“Üzərimizdə həm də psixoloji yük var” - Boyan Zoqoviç
27.02.2020 - 09:06
“Üzərimizdə həm də psixoloji yük var” - Boyan Zoqoviç

“İki məğlubiyyətdən sonra “Qəbələ” ilə qarşılaşacağıq. Düşünürəm ki, bu oyun psixoloji müstəvidə bizim üçün çox vacibdir. Qalib gələ biləcəyimizə inanıram”.

Bunu apasport.az saytına “Zirə”nin qolkiperi Boyan Zoqoviç deyib.

Paytaxt klubunun monteneqrolu qapıçısı komandasının son turlardakı uğursuz çıxışını dəyərləndirib. Zoqoviçin sözlərinə görə, uduzmalarına bəzi problemlər səbəb olub: “İki ağır məğlubiyyətlə üzləşdik. Bizim üçün də çətin oldu. Qırmızı vərəqələr və zədələr səbəbindən problemlər yaşadıq. Amma irəli baxmaq lazımdır. Növbəti oyun çox vacibdir və qalib gəlməliyik”.

Qolkiper bildirib ki, ardıcıl məğlubiyyətlərdən sonra toparlanmaq da asan deyil: “Komandadakı atmosfer bir az qəribədir. Çünki məğlubiyyətdən sonra bizim üçün asan deyil. İndi hamı bir olmalı, çətin vəziyyətdən çıxmaq üçün bir ailə problemləri aradan qaldırmalıyıq. Çünki üzərimizdə həm də psixoloji yük var”.

Əsas heyətdə yerini Orxan Sadıqlıya uduzan Zoqoviç “Qəbələ” ilə görüşdə əsas heyətə qayıdıb-qayıtmayacağına baş məşqçinin qərar verəcəyini deyib: “Bu, Zaur Həşimovun qərarından asılı olacaq. Mən hər oyuna 100 faiz hazır oluram və diqqət edirəm”.

Qeyd edək ki, “Zirə” “Qəbələ” ilə martın 1-də üz-üzə gələcək.