"Vulverhempton" Renat Dadaşovu almaniyalı kimi sifariş etdi - Avropa Liqasına
06.02.2020 - 10:56
"Vulverhempton" Renat Dadaşovu almaniyalı kimi sifariş etdi - Avropa Liqasına

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Avropa Liqasında (AL) "Vulverhempton"un formasını geyinə bilər.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi bu turnirin iştirak ərizəsindəki dəyişiklikləri UEFA-ya təqdim edib.

Siyahıdan 4 futbolçunun adını çıxaran "Vulverhempton" əvəzində 3 yeni oyunçu əlavə edib. Yeni cəlb olunanlar Leonardo Kampanya, Daniel Podense və Renat Dadaşovdur. Bu isə o deməkdir ki, gənc forvard bu ay start götürəcək pley-off mərhələsində komanda ilə birlikdə olacaq.

Amma R.Dadaşov UEFA-ya təqdim olunan sifariş vərəqində Almaniya vətəndaşı kimi göstərilib. Bu da onunla bağlıdır ki, Almaniyada doğulub boya-başa çatan və bu ölkənin aşağı yaş qrupu yığmalarında da oynayan hücumçu sonradan milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunub.

Qeyd edək ki, "Vulverhempton" Avropa Liqasının 1/16 final mərhələsində "Espanyol"la qarşılaşacaq. İlk oyun fevralın 20-də İngiltərədə, cavab görüşü isə 27-də İspaniyada baş tutacaq.