“Yuventus”dan uğursuz seriyalar
23.02.2022 - 09:26
“Yuventus”dan uğursuz seriyalar

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Vilyarreal”ın qonağı olan “Yuventus” qələbə qazana bilməyib.

Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçisi ardıcıl üçüncü matçda heç-heçə edib.

Hər üç qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Byankoneri” bunadək A seriyasında “Atalanta” və “Torino” ilə sülhə imza atıb.

Ardıcıl üç matçdır qələbə qazana bilməyən “Yuventus”un Çempionlar Liqasının 1/8 final mərhələsi ilə bağlı da xoşagəlməz seriyası var. Turinlilər 5 ildir bu mərhələnin ilk görüşündə qalib gələ bilmirlər.

2018-ci ildə “Tottenhem”lə (2:2) heç-heçə edən “ağ-qaralar” sonrakı mövsümlərdə “Atletiko”ya 0:2, “Lion”a 0:1, “Porto”ya 1:2 hesabı ilə uduzub. 2018-ci və 2019-cu illərdə mərhələ keçməyi bacaran italiyalılar son iki mövsümdə 1/4 finala həsrət qalıb.