“Zaqatala” Premyer Liqada olmayacaq - SƏBƏB
07.04.2022 - 09:36
“Zaqatala” Premyer Liqada olmayacaq - SƏBƏB

Daha bir klub Azərbaycan Premyer Liqasında oynamaq şansını itirib.

Apasport.az saytının məlumatına görə, bu, “Zaqatala” klubudur.

Bölgə klubu I diviziondan Premyer Liqaya yüksələcək yeganə komanda olmaq imkanını əldən verib. Rüstəm Məmmədovun yetirmələri çempionluq şansını XX turda itirib.

Səfərdə “Sabah-2”yə 1:3 hesabı ilə uduzan zaqatalalılar üçün “Qaradağ Lökbatan” əlçatmaz olub. Liderin aktivində 44 xal var ki, 6 oyunu qalan şimal-qərbliləri 20 xal qabaqlayır.

Daha öncə “Turan Tovuz” da tarixində ilk dəfə Premyer Liqada oynamaq uğrunda mübarizədən kənar qalıb. Cəmi 5 klubun iştirakçılar arasında olduğu divizionda yeganə vəsiqəyə “Qaradağ Lökbatan”dan başqa, iki iddiaçı qalıb. Bunlar “Kəpəz”lə MOİK-dir.

Düzdür, həm “Turan Tovuz”, həm də “Zaqatala” sırf idman prinsiplərinə əsasən Premyer Liqada olmamalıdır. Lakin son illər müşahidə olunan xoşagəlməz tendensiyaya əsasən I diviziondan Premyer Liqaya yüksəlmək idman prinsipləri ilə deyil, kabinetdə - Lisenziyalaşma komissiyasında həll olunur.

Qeyd edək ki, I divizionun digər 8 iştirakçısı Premyer Liqa klublarının ikinci komandalarıdır və elitaya vəsiqə qazana bilməz.