Premyer Liqanın son 4 turunda məğlubiyyətləri sıralayan “Zirə” dərdinin dərmanını tapıb.
Apasport.az saytının məlumatına görə, Bakı klubu uzun müddətdir rəsmi matçlarda iştirak etməyən Emil Balayevi heyətinə qatıb.
“Tobol”dan ayrıldıqdan sonra klubsuz qalan, Norveç təmsilçisi “Bude-Qlimt”lə də anlaşa bilməyən millimizin qolkiperi yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Son vaxtlar seleksiya işində uğursuz seçimləri ilə diqqət çəkən zirəlilər ya digər klubların üzə çıxardığı oyunçularla, ya da özünün sabiq futbolçuları ilə anlaşmaqla bu səriştəsizliyi sığortalamağa çalışır. “Səbail”də parlaq çıxış edən Ağabala Ramazanov, “Qəbələ”nin çempionatımıza qazandırdığı Davit Volkovu maliyyə dayağı hesabına “ələ keçirən” qəsəbə təmsilçisi Riçard Qadzedən sonra digər keçmiş üzvü Yovan Krnetanı da qaytarıb.
Qapı xəttində isə Boyan Zoqoviç və Orxan Sadıqlıdan “yarımayan” “Zirə” çərçivədəki problemi də yenə digər klublardan yaxşı tanıdığı Emil Balayevlə yoluna qoymaq qərarına gəlib.