"Ən pis şey "qara zolağ"a düşməkdir" - Zaur Həşimov
22.02.2020 - 19:06
"Ən pis şey "qara zolağ"a düşməkdir" - Zaur Həşimov

"Oyuna əlimizdə olan futbolçularla hazırlaşdıq. Heyətdə bəzi problemlər var. Tellur Mütəllimov oyun günü xəstələndi, matça gələ bilmədi".

Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının XVIII turunda "Keşlə"yə 0:4 hesabı ilə məğlub olduqları qarşılaşmanı dəyərləndirərkən deyib.

39 yaşlı mütəxəssis matçdan sonrakı mətbuat konfransında səhvlər nəticəsində qollar buraxdıqlarını söyləyib: "Bəzi səhvlər etdik, 4 qol buraxdıq. Üç qolu rəqibə hədiyyə etdik. Ən pis şey "qara zolağ"a düşməkdir. Mən bundan qorxurdum. Komanda şəklində müdafiə olunmaq lazımdır. Müdafiə hücumdan başlayır. Səhvlərdən sonra yekunda hesab belə oldu. Birinci qolu oyundankənar vəziyyətdən buraxdıq. Mən də qışqırdım ki, ofsayddır". 

Həşimov "Zirə"də böyük problemlərin olduğunu etiraf edib: "Əvvəlki matçlarda qırmızı vərəqələr oldu. Heyət kasaddır. Biz hazırda yerli futbolçular baxımından bütün rəqiblərimizə uduzuruq. Məğlubiyyətlər bizi sarsıldır, amma mübarizə aparmağa çalışacağıq. 4-cü yer uğrunda sonra kimi vuruşacağıq".