Nazim Süleymanov: “Azərbaycan millisinin Litva ilə oyununda taktikanı rəqibə görə seçəcəyik”
24.03.2008 - 14:14
Nazim Süleymanov: “Azərbaycan millisinin Litva ilə oyununda taktikanı rəqibə görə seçəcəyik”
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasını Litva ilə yoldaşlıq oyununa baş məşqçi kimi çıxaracaq Nazim Süleymanov deyib. Martın 26-da Vilnüsün “Vetra” stadionunda keçiriləcək matça hazırlaşan yığmamızın məşqçisinin sözlərinə görə, ayın 21-dən millinin düşərgəsinə qatılan bütün futbolçular Litvaya aparılacaq. Mütəxəssis xaricdə çıxış edən futbolçuların artıq komandaya qoşulduğunu, lakin onlardan yalnız birinin yığma ilə məşqə çıxdığını bildirib. Belə ki, İlqar Qurbanovdan fərqli olaraq, Bakıya nisbətən gec gələn Saşa Yunisoğlu yalnız bu gün axşamkı məşqdə komanda yoldaşları ilə hazırlıq keçəcək. N. Süleymanov milli komandanın baş məşqçisi kimi çıxacağı ilk oyuna ciddi önəm verdiyindən rəqibi öyrənməyi də zəruri sayıb: “Dünən köməkçim Qurban Qurbanovla birgə Litva millisinin oyunlarının videoyazısını izlədik, rəqibin güclü və zəif yerlərini gördük. Vilnüsdə keçiriləcək qarşılaşmada məhz buna uyğun taktika seçəcəyik ki, nəticə qazanaq”.
Qeyd edək ki, Azərbaycanın futbol üzrə milli komandası sabah səhər Litvaya yola düşəcək.
0