Yeni başqanın təəccüblü sevinci - REPORTAJ-ŞƏRH
24.03.2008 - 15:09
Yeni başqanın təəccüblü sevinci - REPORTAJ-ŞƏRH
İstanbul. Elgün Əlizadə-APA. Lider “Beşiktaş”ın şənbə günü İstanbul Büyükşehr Bələdiyyəsinə məğlub olmasından sonra bazar axşamı “Dənizlispor”u “Ali Sami Yen”də 2:1 hesabı ilə məğlub edən “Qalatasaray” “Türkcell” super liqasının zirvəsinə “Fənərbaxça” ilə ortaq oldu. Hər iki komanda oyuna zəif tempdə başladı və mübarizə bir müddət meydanın mərkəzində davam etdi. “Dənizlispor”un Yusufu normal yeri olan hücumçuların arxasında deyil, irəlidə tək hücumçu kimi oynatması bu komandanın qol fürsəti yaratmasını çətinləşdirirdi. “Qalatasaray”ın isə mütləq qalib gəlməsi lazım gələn bir matça meydanın mərkəzindən təşkil edilən hücumlarda fəal olan Ardanı o mövqedə təkbaşına oynatması başa düşülən deyildi. Bu səbəbdən “Qalatasaray” da qol fürsəti yaratmaqda çətinlik çəkdi və oyunun sürətini artıra bilmədi. 24-cü dəqiqədə Mehmet Topalın hücuma çıxarkən topu itirdi və “Dənizlispor”un təcrübəli kapitanı Yusufun sərrast ötürməsindən Hasan Yiğit hesabı açdı. Qapısında qol görən “Qalatasaray” özünü bir az topladı, tempi artırmağa çalışdı, irəlidə təzyiq göstərməyə başladı və komandanın ən yaxşısı Ardanın ötürməsindən sonra Okan başı ilə topu qapıya yolladı. Qoldan sonra azarkeşlərinin dəstəyi artsa da, bu, meydanın mərkəzində yaxşı pressinq tətbiq edən “Qalatasaray”ın ələ keçirdiyi topları qonaq qapısından keçirməsinə yardım etmədi. “Cimbom” ikinci hissəyə meydanın qonaqlara aid hissəsində təzyiqlə başladı və matçın bəlkə də ən zəifi olan Hakan Şükür əlinə düşən əlverişli fürsətdən yararlana bilmədi. “Qalatasaray”ın hücumları davam etsə də, hücumçuların təsirsiz oyununa görə komanda ikinci qolu rəqibin qapısından keçirə bilmədi. Son 30 dəqiqədə hadisələr meydanın “Dənizlispor”a aid hissəsində cərəyan etdi-tək qapıya oynandı. Oyunun sonuna 15 dəqiqə qalmış isə meydanın ən yaxşı Arda əvəzləndi, onun yerinə Sərkan Çalık oyuna girdi. Bu dəyişikliyi anlamaq mümkün deyildi, çünki qola ehtiyacı olan komandanın ən çox qol vuranlarından olan Nonda hələ də ehtiyat oyunçular skamyasında otururdu. Nonda yalnız 81-ci dəqiqədə meydana girdi. Artıq “Qalatasaray” əlacsız şəkildə topu uzaqdan cərimə meydançasına göndərir və rəqib qapısında yaranan qarışıqlıqda qol fürsəti axtarırdı. Təsəvvür edin ki, Sərvət oyunun son 20 dəqiqəsini mərkəz müdafiəçisi rolunda yox, hücumda oynadı. “Qalatasaray” çox ehtiyacı olduğu qola da 88-ci dəqiqədə məhz Sərvətin sayəsində qovuşdu. Qapıçı Süleymanou Ümid Karanın başından gələn yavaş topu əlindən qaçırdı və bu an pusquda gözləyən Sərvət başı ilə topu boş qapıya yolladı.
Aslan son dəqiqələrdə vurduğu qolla “Dənizlispor”u məğlub etsə də, bundan sonrakı oyunlarında iki həftədir, Almaniyada olan baş məşqçi Karl Heinz Feldkampın geri qayıtmaması durumunda möcüzələrə ehtiyacı olacaq. Çünki baş məşqçini əvəz edən Ahmet Akçanın bu işə gücü çatmayacağı göz önündədir. “Dənizlispor” üzərində son dəqiqələrdə əldə edilən möcüzə-qələbə “Qalatasaray”ı zirvə yarışında daha güclü qılmaqla birlikdə bu zəfərə, əlbəttə ki, şənbə günü keçirilən qurultayda klubun yeni prezidenti seçilən Adnan Polat hamıdan çox sevindi. Sərvətin vurduğu qola yeni başqanın təəccüblü sevinci də bunun ifadəsi idi.
0