Vüsal Əliyev: “Gürcülər idarəçiliyimi bəyəndi”
27.03.2008 - 14:54
Vüsal Əliyev: “Gürcülər idarəçiliyimi bəyəndi”
Bakı. Mehman Süleymanov-APA-Sport. “Tiflisə səfərimdən çox razı qaldım. Gürcülər yığma komandalarının Latviya ilə oyununda idarəçiliyimi bəyəndi”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Gürcüstanla Latviyanın 21 yaşlılardan ibarət yığma komandalarının yoldaşlıq görüşünü idarə edən azərbaycanlı FİFA hakimi Vüsal Əliyev bildirib. Onun sözlərinə görə, latviyalılar böyük hesabla məğlub olmalarına baxmayaraq, zəif təsir bağışlamayıblar: “Matç gərgin mübarizə şəraitində keçdi. Gürcüstanın 21 yaşlılardan ibarət komandası 4:0 hesablı qələbə qazandıqları görüşdə gözəl oyun nümayiş etdirdilər. Onların oyunu çox xoşuma gəldi. Matçda hər komandaya kobud oyuna görə iki sarı vərəqə göstərdim. Matçın sonuna yaxın isə gürcülərin 6 nömrəli futbolçusunu kobud oyuna görə meydandan qovdum. Rəqibinə açıq ayaqla xəsarət yetirən həmin oyunçuya birbaşa qırmızı vərəqə göstərdim”. Tiflisin “Ameri” futbol klubunun stadionunda keçirilən yoldaşlıq görüşündə Vüsal Əliyevə yerli hakimlər yardımçı olub: “Matçın hakim-inspektoru Gürcüstan Futbol Federasiyasının Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Amiran Kaxaxadze idi. O, idarəçiliyimi yüksək qiymətləndirdi”. Qeyd edək ki, digər FİFA hakimimiz Babək Quliyev Xorvatiyada 17 yaşlı yığma komandalar arasında keçirilən ikinci seçmə qrup oyunlarını idarə edib. İkinci qrupun görüşlərinə təyinat alan 34 yaşlı hakimimiz İsveçrənin Belçika, Danimarka və Xorvatiya ilə görüşlərini idarə edib. İsveçrənin qrup qalibi kimi növbəti mərhələyə vəsiqə qazandığı yarışda Babək Quliyevə yan xətt hakimi kimi həmyerlisi Roman Vasilyev yardımçı olub.
0