Rəşad Sadıqov: “Neftçi” məğlubiyyətdən sığortalanmayıb”
29.03.2008 - 16:32
Rəşad Sadıqov: “Neftçi” məğlubiyyətdən sığortalanmayıb”
Bakı. Mehman Süleymanov-APA-Sport. “İlk dövrədə “Bakı”ya böyük hesablı məğlubiyyətimizi unutmuşuq. Bütün diqqətimizi sabahkı oyuna yönəltmişik. “Bakı” ilə oyunda üç xal qazanmaq fikrindəyik”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun müdafiəçisi Rəşad Sadıqov deyib. Onun sözlərinə görə, ilk dövrədə “Bakı”dan aldıqları 1:5 hesablı məğlubiyyəti yada salıb ruhdan düşmürlər: “Bakı” həmin matçda qapımıza 6 zərbə vurdu ki, bunun da 5-i qol oldu. Hər halda, Avropanın böyük klubları vacib oyunlarda ağır məğlubiyyət alıblar. Misal üçün “Real” – “Barselona” derbisində komandalar böyük hesabla uduzublar. Beynəlxalq miqyasda belə məğlubiyyətlər normal qarşılandığı halda, bizdə bunu qabardırlar. Belə yenilgiyə öyrəşməsək də, hər halda, “Neftçi” məğlubiyyətdən sığortalanmayıb”. 26 yaşlı futbolçu bildirib ki, “Neftçi” ilə “Bakı”nın görüşü derbi xarakteri daşıyacaq: “Sabah eyni şəhərin, ev oyunlarını eyni stadionda keçirən iki komanda ilə qarşılaşacaq. Fikrimcə, maraqlı və bizim üçün çətin görüş olacaq. “Bakı” ikinci dövrədə uğursuz çıxış etdiyi üçün xal qazanmağa çalışacaq. İlk dövrədəki oyunda buraxdığımız səhvlərdən nəticə çıxarıb, qələbə əldə etmək niyyətindəyik”.
0