Branimir Subaşiç: “Olimpik”in büdrəməsi bizim üçün yaxşı olardı”
29.03.2008 - 18:51
Bakı. Mehman Süleymanov-APA-Sport. “Bakı” ilə oyunda meydana çıxmağımda heç bir problem yoxdur. Azərbaycan milli komandasının heyətində Litva ilə yoldaşlıq görüşündən sonra “Neftçi”nin düşərgəsinə zədəli qayıtsam da, müalicəm uğurla keçdi”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun serbiyalı hücumçusu Branimir Subaşiç bildirib. Onun sözlərinə görə, zədəli olsa belə, “Bakı” ilə prinsipial görüşdə iştirak etməyə hazır imiş: “Bütün futbolçularımız zədəni, ağrıları, bütün problemləri unudub, sabahkı oyunda qələbə qazanmaq haqda düşünməlidir. Çünki “Bakı”dan ilk dövrədəki 1:5 hesablı məğlubiyyətin əvəzini çıxmalıyıq. Rəqibdən qisasımızı almalıyıq. İkinci dövrədə işlərimiz yaxşı gedir. İndiyədək bütün matçlarda qələbə qazanmışıq və bu seriyanı “Bakı” ilə görüşdə davam etdirmək əzmindəyik. Sabah qələbə qazanmaqla, həmin məğlubiyyətin təsadüfi olduğunu göstərəcəyik”. 26 yaşlı serbiyalı futbolçu sabah “Bakı”nı məğlub etməklə yanaşı, “Olimpik” – “Standard” görüşündə liderin xal itirməsi xəbərini gözləyir: “Sözsüz ki, “Olimpik”in büdrətməsi bizim üçün yaxşı olardı. Belə olan halda, liderlə xal fərqimiz bir qədər də azalardı. Ancaq ilk növbədə öz oyunumuzu, “Bakı”nı məğlub etməyi düşünürük. Sabahkı matçda əsas mənim qol vurmağım yox, komandamın qələbə qazanmağıdır. Baxmayaraq ki, “İnter”in hücumçusu Xaqani Məmmədov bombardirlər yarışında mənə bir qədər də yaxınlaşıb”.
0
0