“Qara qartallar”ın çempionluq xəyalı bitdimi? - REPORTAJ-ŞƏRH
30.03.2008 - 09:30
“Qara qartallar”ın çempionluq xəyalı bitdimi? - REPORTAJ-ŞƏRH
Görüşə “Fənərbaxça” çox yaxşı başladı. Xüsusilə, cəzalı Deyvidin yerinə oynayan Kolin Kazımın ifasında kəsərli hücumlar yaratdı və 11-ci dəqiqədə onun cinahdan ötürməsinə Aleks başla gözəl zərbə endirərək komandasını önə çıxardı – 1:0. Erkən qol buraxmasına baxmayaraq, daha sonra oyuna yenə “Fənərbaxça” nəzarət edirdi. Qonaqlar çoxlu qol fürsəti yarada bilməsələr də, topla istədikləri kimi rəftar edib rahat oynadılar. Burada “Beşiktaş”ın zəif oynamasının da təsiri vardı. Çünki “qara qartallar” rəqibə nə meydanın mərkəzində, nə də qonaqlara aid hissəsində təzyiq göstərdi. Yəni, matçın tempini artırmaq əvəzinə, Nobreyə uzaqdan ötürmələrlə fürsət əldə etməyə çalışdılar. Bundan əlavə, baş məşqçi Ərtoğrul Sağlamın ilk yarım saatda qorxaq futbola üstünlük verməsi, Holoskonu sağ cinahda oynatması önəmli bir səhv idi. Eyni zamanda, İbrahim Toramanı sağ kənar müdafiəçisi mövqeyində oynatması da Sağlamın səhvlərindən idi. Çünki “Beşiktaş” sağ cinahdan heç hücum edə bilmədi. İlk 30 dəqiqədən sonra “Fənərbaxça” tempi azaldıb öz qapısına doğru çəkildi, oyun tez-tez baş verən cərimələrə görə dayandı. “Beşiktaş” birinci hissədə qazandığı cərimə və künc zərbələrindən də istifadə edə bilmədi.
İkinci hissənin ilk 15 dəqiqəsində yenə eyni mənzərəni müşahidə etdik: “Fənərbaxça” topa istədiyi kimi nəzarət etdi. “Beşiktaş” isə rəqib müdafiəsini qətiyyən narahat etmədi. Ancaq 65-ci dəqiqədə zədə səbəbindən əvəzlənən sol kənar müdafiəçisi Uğurun yerinə hücumçu Semihin daxil olması önəmli bir səhv idi. Çünki məhz bu dəyişiklikdən sonra “Beşiktaş” sağ cinahdan çox kəsərli hücumlar yaratdı və Sərdar Özkan hesabı bərabərləşdirdi - 1:1. Qolun əhval-ruhiyyəsi və azarkeşlərinin dəstəyilə “Beşiktaş” daha sistemli oynamağa başladı. Lakin mərkəz müdafiəçisi Baki Mərcimeyin topu itirməsindən sonra “Fənər” sürətli hücum təşkil etdi və Aleks ikinci dəfə “Beşiktaş”ı oyuna meydanın mərkəzindən başlamağa məcbur etdi. Bu qoldan sonra Ərtoğrul Sağlam komandanın ən yaxşılarından olan Sərdarı əvəzlədi, “Fənərbaxça”nın məşqçisi Ziko isə Əli Bilgini sol cinaha göndərdi. Bu isə “Beşiktaş”ın hücum qüvvəsinin bitməsini də özü ilə gətirdi. Oyunun sonlarında qonaqlar hesabdakı fərqi artıra bilərdilər, “Beşiktaş” isə heç bir qol fürsəti yarada bilmədi. “İsmət İnönü” stadionunda derbini 2:1 hesabı ilə qazanan “Fənərbaxça”nın bundan sonra çempionluq titulu üçün “Qalatasaray”la mübarizə aparacaq.








0