Nigeriya milli komandası son 20 ildə ən pis nəticəni Berti Foqtsla göstərib
31.03.2008 - 10:49
Nigeriya milli komandası son 20 ildə ən pis nəticəni Berti Foqtsla göstərib
Ötən il yanvarın 15-də B.Foqtsu baş məşqçi kimi təqdim edən Nigeriya millisi həmin vaxt FİFA-nın reytinqində 9-cu sırada qərarlaşmışdı. Afrika ölkələri arasında birinci olan “Super Qartallar” hətta 1994-cü ilin aprelində dünyada 5-ci yığma olub. Azərbaycan millisinin 62 yaşlı çalışdırıcısı isə nigeriyalıları yalnız məyus edib. Məhz onun 402 günlük baş məşqçilik dövründə Afrika təmsilçisi böyük addımlarla aşağı yuvarlanıb. Ötən ayın 20-də istefaya göndərilən B.Foqtsun sabiq komandası Nigeriya üçün biabırçı mövqeyə - Afrikada 6-cı, dünyada 45-ci yerə düşüb. Ölkəmizin ikinci “yüzlük”də qərarlaşdığı FİFA reytinqində belə geriləmə təsadüfi olmayıb. Buna səbəb B.Foqtsun rəhbərlik etdiyi yığmanı Afrika Millətlər Kubokunda çoxlarının xatırlaya bilmədiyi uğursuzluğa daşıması olub.
Qanada keçirilən turnirdə “Super Qartallar” qrupdan ikinci komanda kimi çıxıb: Kot d’İvuar 0:1, Mali 0:0, Benin 2:0. ¼ finalda meydan sahiblərinə 1:2 hesablı məğlubiyyət isə son 20 ilin antirekordudur. Obafemi Martins (“Nyukasl”, İngiltərə), Nvankvo Kanu (“Portsmut”, İngiltərə), Con Obi Mikel (“Çelsi”, İngiltərə) kimi futbolçulardan komanda yarada bilməyən almaniyalı mütəxəssisin yığması təkcə turnirin keçirildiyi ay üçün olan reytinqdə 26 pillə geriləyib. Belə ki, son 11 qitə kubokunda Nigeriya ilk dəfə qatıldığı yarışda mükafatsız qalıb. 1988-ci ildən sonra bir dəfə Millətlər Kubokunun sahibi olan “Super Qartallar” 3 dəfə 2-ci, 4 dəfə 3-cü yeri tutub. Bir turnirdə iştirakdan imtina edib növbəti yarışa buraxılmayan Nigeriya üçün ¼ finalda mübarizəni dayandırmaq kimi uğursuzluq 4 illik müqaviləsi olan B.Foqtsun istefaya göndərilməsinə səbəb olub.
B.Foqts yoldaşlıq oyunları və Millətlər Kubokunun seçmə oyunlarında üst-üstə 11 görüşdə nigeriyalılara rəhbərlik edib: 6 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət (top fərqi: 14-10). Maraqlıdır ki, bu komandada son oyunu Qanaya qarşı olan almaniyalı təqdimatından 22 gün sonra yoxlama oyununda da qanalılara məğlubiyyətə (1:4) şahid olub və ilk ayda millisinin 27 pillə geriləməsini öz vətənindən – Almaniyadan müşahidə edib.
0