“Foqtsun taleyi bu oyunlardan asılı deyil” - MÜSAHİBƏ
17.11.2013 - 14:05
“Foqtsun taleyi bu oyunlardan asılı deyil” - MÜSAHİBƏ
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovun apasport.az saytına müsahibəsi

- Yığmamızın yoldaşlıq matçında Estoniya millisinə uduzmasına necə şərh verərdiniz?
- Birinci hissədə yaxşı oyandıq. Düzdür, ilk dəqiqələrdə rəqibin yaxşı imkanlarlı oldu. Ancaq sonradan oyunu ələ aldıq və yaxşı hücumlar təşkil etdik, hesabı açdıq. Lakin fasilədən sonra bilmədim komandaya nə oldu. Yekunda 1:2 hesabı ilə uduzsaq da, yaxşı oynadığımızı düşünürəm. Bu templə, bu istəklə davam etsək, yaxşı olacaq.

- Ola bilərmi ki, fasilədən sonra reallaşan əvəzetmələr komandanın oyununa mənfi təsir göstərsin?
- Mümkündür. Ola bilər ki, bəzi futbolçular matçın ritmini tuta bilmədilər. Lakin mənim durub “filankəs yaxşı oynadı, filankəs pis” deməyim düz çıxmaz. Biz bir komandayıq. Oyunumuza məşqçi heyəti və azarkeşlər qiymət verir. Meydana çıxan hər bir futbolçu qələbə üçün döyüşür. İnşallah ilin son görüşündə Qırğızıstana qalib gəlib, Bakıya yaxşı əhval-ruhiyyə ilə dönərik.

- Qələbə qazanacağınıza əminsiniz?
- Heç kim əminliklə danışa bilməz. Rəqibin Qırğızıstan olmasına baxmayaraq, onlar öz evlərində oynayırlar.

- Estoniyaya məğlubiyyətdən sonra komandaya qarşı yenə bir inamsızlıq yarandı. Bu barədə nə deyə bilərsiniz?
- İnanmıram ki, kimdəsə inamsızlıq yaransın. Bunu mətbuat edir. Azarkeşlər oyunu izləməyiblər. Gərək mətbuat onlara düzgün informasiya çatdırsın ki, narazılıq olmasın.

- Berti Foqtsun millimizdəki gələcək karyerası sual altındadır. AFFA onunla yeni sözləşmə imzalamaya da bilər. Belə bir vəziyyətdə onun son oyunlarda eksperimentlərə əl atması nə dərəcədə düzgündür? Nəticəyə oyansaydı, daha yaxşı olmazdı?
- Berti Foqtsun qalıb-qalmayacağı bu oyunlardan asılı deyil. Baş məşqçi odur və nə etmək lazım gəldiyini yaxşı bilir. Yoldaşlıq matçları bu cür şeylər üçündür. Sırf nəticə lazım olsaydı, yəqin ki, planını buna görə qurardı.