Anatoli Demyanenko: “Komandamız “Olimpik”dən güclüdür”
14.04.2008 - 10:44
Anatoli Demyanenko: “Komandamız “Olimpik”dən güclüdür”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Liderlə qolsuz heç-heçəni məğlubiyyətə bərabər saymıram. Bu gün biz rəqibdən daha yaxşı oynayaraq, qələbəyə layiq idik. Ancaq təəssüf ki, meydandakı üstünlüyümüzü hesabda əks etdirə bilmədik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “Olimpik”lə matçdan sonra “Neftçi” klubunun baş məşqçisi Anatoli Demyanenko deyib. Ukraynalı mütəxəssis hesabat turunda liderlə 4 xallıq fərqi aradan qaldıra bilməməklərinə əsas səbəb kimi vaxt və meydan amilini göstərib: “Matçı 16:00-da, özü də sintetik örtüklü meydanda keçirməli olduq. Futbolçulara bu vaxt belə qazonda oynamaq ağırdır. Bununla razılaşaq lazımdır”. A.Demyanenkonun sözlərinə görə, “Neftçi” “Olimpik”dən nümayiş etdirdiyi oyun baxımından güclüdür: “Futbolçulardan razı qaldım. Qələbə qazanmasaq da, bu gün biz əsl futbol oynadıq. Düzdür, yaratdığımız qol vəziyyətləri elə də çox olmadı. Bununla belə, məğlubiyyətə də layiq deyildik. Rəqibi bir çox amillərdə üstələsək də, qapıya yol tapa bilmədik. Bizə qol vurmaqla yanaşı, top buraxmamaq da vacib idi. Müdafiəçini hücumçu ilə əvəzləmək əleyhimizə ola bilərdi. Bunu riskli addım saydığım üçün hücum xəttini oyunun sonuna 10 dəqiqə qalmış gücləndirdim”.
0