Valentin Xodukin: “İlk iki yer haqda danışmaq artıq boş söhbətdir”
14.04.2008 - 14:26
Valentin Xodukin: “İlk iki yer haqda danışmaq artıq boş söhbətdir”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Lənkərandakı məğlubiyyət bizi mükafatçılar uğrunda mübarizədə geri saldı. “Xəzər-Lənkəran”a uduzmaqla, çox şey itirdik”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Onun sözlərinə görə, hesabat turunda “Xəzər-Lənkəran”la səfər matçında qeydə alınan nəticə (1:3) ilə böyük zərbə alıblar: “Biz yalnız hesabı açdığımız ilk 40 dəqiqədə hücuma, pressinqə, rəqibi daim təzyiq altında saxlamağa xüsusi fikir verdik. Ancaq fasiləyə az qalmış futbolçularımızın diqqətinin yayınması əlavə olunmuş dəqiqələrdə kobud səhv nəticəsində qol buraxmağımızla nəticələndi. Bu, komandanı “sındırdı” və ikinci hissədə hesabı qorumaq haqda düşündüyümüz zamanı bunun acı aqibətini yaşadıq. Üstəlik, hesabda 1:2 geridə qaldığımız vaxtda yüz faizli qol imkanını əldən verməyimiz futbolun yazılmayan qanununu işə saldı. Yəni, söhbət vurmayana vurandan gedir”. Ukraynalı mütəxəssis bildirib ki, “Xəzər-Lənkəran” göstərdiyi oyunla tarixi xatırladıb: “Xəzər-Lənkəran” “qızıl dubl” etdiyi keçən mövsümdə necə yaxşı təsir bağışlayırdısa, bu dəfə elə oynadı. Xalların bərabərləşdirdiyini və şəxsi oyunlarda rəqibin bizi üstələdiyini nəzərə alsaq, 3-cü yer uğrunda mübarizədə işimiz çətinləşir. İlk iki yer haqda danışmaq isə artıq boş söhbətdir. Bundansa, nağdı olan 3-cü yerdə mövqeyimizi qorumağa çalışmalıyıq. Kubokda da finala çıxmağa yaxşı şansımız var və qarşıdakı oyunlara özümüzü toparlamalıyıq”.
0