Aleksandr Çertoqanov ikinci dəfə cəzalanıb
16.04.2008 - 10:44
Aleksandr Çertoqanov ikinci dəfə cəzalanıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının 22-ci turunda cəza üzündən 5 futbolçu çıxış edə bilməyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, komandasının son qarşılaşmasında qırmızı vərəqə alan İlham Yadullayevdən (“Karvan”) başqa, daha 4 oyunçu aprelin 19-da və 20-də keçiriləcək oyunlarda meydana çıxmayacaq. Onlardan 3-ü mövsümdə 4-cü dəfə sarı vərəqə aldığından komandasına kömək edə bilməyəcək. “İnter” – “Qarabağ” matçında klubların əcnəbi çalışdırıcıları legioner hücumçularının xidmətindən məhrumdur. Valter Quqlemon bakılıların, Viktor İbokoyi isə ağdamlıların heyətində çıxış etməyəcək. “Standard”ın müdafiəçisi Ruslan Qafitullin “Xəzər-Lənkəran”a qarşı oyunda meydana çıxmayacaq. “Neftçi”nin ukraynalı müdafiəçisi Aleksandr Çertoqanov da 22-ci turu buraxmalıdır. Lakin digər cəzalı futbolçulardan fərqli, flaqmanın oyunçusu mövsüm ərzində ikinci dəfə cəzalı duruma düşüb. Belə ki, hesabında 8 sarı vərəqə olan A.Çertoqanov ölkə kubokunun ilk 1/8 final matçında da “Abşeron”a qarşı cəza üzündən çıxış edə bilməmişdi.
Qeyd edək ki, “Neftçi” 22-ci turda “Simurq” klubu ilə qarşılaşacaq.
0