Zöhrab Qədiyev: “Neftçi” klubunun oyunlarında hakimliyimə xalq qiymət verəcək”
16.04.2008 - 12:23
Zöhrab Qədiyev: “Neftçi” klubunun oyunlarında hakimliyimə xalq qiymət verəcək”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Əgər “Neftçi” klubunun oyunlarına təyinat alsam, təmiz hakimlik edəcəyəm”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında üç illik fasilədən sonra hakimliyə qayıdan Zöhrab Qədiyev deyib. Son iki ildə “Neftçi” klubunda inzibatçı işləyən 44 yaşlı sabiq FİFA referisi gələn həftə keçiriləcək Premyer Liqanın oyunlarına təyinat alacağını gözləyir: “Bundan sonra 4-5 il hakimlik etməyə özümdə güc hiss edirəm. “Neftçi”də inzibati işləsəm də, bu, mənim əsl peşəm deyil. Sənətim hakimlikdir ki, yenidən bununla məşğul olmaq imkanı qazanacağam”. Z.Qədiyevin sözlərinə görə, flaqmanın matçlarında hakimlik etməyi arzulamır: “çünki söz-söhbət yaranmasını istəmirəm. Ancaq təyinat məndən asılı deyil. Hakimlər Komitəsinin rəhbərliyi hansı oyuna göndərsə, həmin matçı idarə etməliyəm. “Neftçi” klubunun matçında idarəçiliyimə xalq kənardan baxıb, qiymət verəcək”.
Qeyd edək ki, Z.Qədiyev 2005-ci ilin avqustun 13-də “Neftçi” – “Şahdağ” (3:1) oyununda sonra ömürlük cəzaya məruz qalıb.
0