Anatoli Demyanenko Georgi Adamiyanın sabiq komanda yoldaşlarını “Neftçi”yə gətirmək istəyir
16.04.2008 - 13:07
Anatoli Demyanenko Georgi Adamiyanın sabiq komanda yoldaşlarını “Neftçi”yə gətirmək istəyir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Georgi Adamiyanın sabiq komanda yoldaşları “Neftçi”yə gələ bilərlər. “APA-Sport” agentliyinin məlumatına görə, Bakının “Neftçi” klubu heyətini Kiyev “Dinamo”suna lazım olmayan futbolçularla gücləndirmək fikrindədir. Bu barədə Ukrayna mətbuatına müsahibəsində flaqmanın baş məşqçisi Anatoli Demyanenko deyib. Mütəxəssis “Dinamo”ya məxsus olub əsas komandada deyil, icarə əsasında digər klublarda çıxış edən futbolçuların Bakıya gəlməsini istədiyini gizlətməyib. A.Demyanenkonun hansı oyunçulardan danışdığını müəyyənləşdirmək çətin deyil. Kiyev təmsilçisinin yeni baş məşqçisi Yuri Syomin bir neçə ay əvvəl əksəriyyəti A.Demyanenkonun dövründə transfer olunan oyunçular olmaqla, bir qrup futbolçunu heyətdən kənarlaşdırıb. “Neftçi”nin 49 yaşlı məşqçisinin sabiq kadrlarını yanına gətirmək niyyəti başadüşüləndir. Mütəxəssisin Kiyevdə gerçəkləşdirdiyi uğursuz transferlərin üçü gürcüstanlı oyunçulardır ki, bu ölkədən olan futbolçular da Azərbaycana həvəslə gəlir. 2004/05 mövsümündə “VİT-Corciya”da Georgi Adamiya ilə yanaşı çıxış edən David İmedaşvili və Otar Martsvaladzenin “Dinamo” karyerası uğursuz alınıb. 2005/06 mövsümünün dövrələrarası fasiləsində hücumçu olan 21 yaşlı O.Martsvaladze və Tiflis “Dinamo”sunun 30 yaşlı orta sahə oyunçusu Kaxa Aladaşvilinin transferini gündəmə gətirən A.Demyanenko yarım il sonra müdafiəçi D.İmedaşvilini də “Dinamo”ya cəlb edir. Lakin “Neftçi”nin baş məşqçisi öz transferlərindən tam razı qalmır. 10 ay əvvəl O.Martsvaladze və K.Aladaşvili “Zakarpatye”yə, D.İmedaşvili isə Latviyanın “Metallurq” klubuna icarəyə verilib. Bir neçə ay əvvəl icarədən geri dönüb A.Demyanenkonun yerində Y.Syomini görən gürcüstanlılar rusiyalıya da lazım olmur. K.Aladaşvili “Zakarpatye”dən qayıdıb bu dəfə Vladimir Bessonovun çalışdırdığı “Xarkov”a icarəyə verilsə də, O.Matsvaladze bu kluba da lazım olmayıb. D.İmedaşvili isə bir müddət “Saturn”da baxışda olsa da bəyənilməyib.
0