Yaşar Vahabzadə: “Almaniyalılar futbolda bizdən çox qabağa gedib”
16.04.2008 - 14:19
Yaşar Vahabzadə: “Almaniyalılar futbolda bizdən çox qabağa gedib”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Almaniyada keçirdiyimiz toplanış əvvəlkilərdən çox fərqlənir. Bu, ilk növbədə qarşılaşdığımız rəqiblərin səviyyəsi və oyun üslubu ilə bağlıdır. Aşkar görünürdü ki, almaniyalılar futbolda bizdən çox qabağa gedib”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın 19 yaşınadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Yaşar Vahabzadə deyib. Almaniyada keçirilən təlim məşq toplanışından razı qalan çalışdırıcı yoxlama oyunlarındakı nəticələri (2 məğlubiyyət və 1 heç-heçə) mövsümün sonu olması ilə izah edib: “Üç yoxlama oyunu keçirdik ki, bu qarşılaşmalarda əsas məqsəd oyunçularımızın səviyyəsini güclü rəqiblə oyunda nəzərdən keçirmək idi. Bizimkilər fiziki və psixoloji cəhətdən yorğun görünürdü. Bu da mövsümün sonu olması ilə bağlıdır. İlk oyunda mən Almaniyada deyildim, ikinci qarşılaşmada isə qol buraxanadək rəqibdən geri qalmırdıq. Sonra isə futbolçular yorğunluqdan dayandılar”. Y.Vahabzadənin sözlərinə görə, komandanın Almaniya toplanışında iştirak edən almaniyalı Bernard Lippert də yığmadakı çatışmazlığı hiss edib. U-19-a da nəzarət edən U-21 və U-17-nin baş məşqçisi komandanı tanımayıb: “Lippertin komandadan razı qalıb-qalmadığını bilmirəm. Bunu özündən soruşsanız yaxşı olar. Onunla fikir mübadiləsi aparmağa vaxt tapdıq. Almaniyalı hələ Antalyada komandamızı görmüşdü. Bu dəfə yığmanın Türkiyədəkinə bənzəmədiyini bildirdi. Komanda həmin oyunu göstərə bilmirdi”. Mütəxəssis Avropa çempionatının payızda keçiriləcək seçmə oyunlarına hazırlığın növbəti mərhələsinin təxminən bir aydan sonra başlayacağını bildirib: “Lippert U-17 vətənə qayıdandan sonra hər iki yığmanın oyunçularını istirahətə buraxmağı məsləhət bilib. Mayın sonu – iyunun əvvəlində Özbəkistana qarşı keçirəcəyimiz yoxlama oyunlarına hazırlığa isə gələn ayın 10-15-də başlayacağıq”.


0