Milli dərəcəli hakim Rövşən Əhmədov sabah cəzalandırılacaq
16.04.2008 - 14:38
Milli dərəcəli hakim Rövşən Əhmədov sabah cəzalandırılacaq
Bakı. Mehman Süleymanov – APA-Sport. AFFA milli dərəcəli hakim Rövşən Əhmədovu cəzalandıracaq. Assosiasiyanın Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, 48 yaşlı referinin məsələsinə qurumun sabahkı toplantısında baxılacaq. O, bildirib ki, R.Əhmədov haqqında hakimlərlə bağlı Nizam-İntizam Məcəlləsinin müvafiq maddəsinə uyğun cəza qərarı çıxarılacaq. Bu, X.Məmmədovun HK-nın sədr postuna qayıdışından sonra ilk hakim cəzası olacaq. Ancaq R.Əhmədovun haqqında ölçü götürülməsi hələ qurumun sabiq sədri Murad Məmmədovun dönəminə təsadüf edirdi. Məsələ ondadır ki, milli dərəcəli hakim idarə etdiyi Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində aprelin 6-da “Şəfa” stadionunda keçirilən “İnter” – “Karvan” (3:1) oyununda nəticəyə təsir edən səhvə yol verib. Matçın hakim-inspektoru Rüstəm Rəhimov baş hakimin “Karvan”ın qapısına təyin etdiyi penalti zərbəsinin düzgün olmadığını bəyan edib ki, bu səhv matçda hesabın açılması ilə nəticələnib. R.Əhmədovun aldığı 6 bal kafi qiymət sayılır ki, bu da hakimi cəzalanmaq təhlükəsi ilə üz-üzə qoyub. Mingəçevirli hakim ötən həftə keçirilən ölkə kuboku uğrunda ilk yarımfinal oyunlarına və son turun matçlarına təyinat almayıb.
Qeyd edək ki, R.Əhmədov hakimlik karyerasında bir neçə dəfə cəzalanıb.
0