Zöhrab Qədiyevin hakimliyə qayıdışı sabah rəsmiləşəcək
16.04.2008 - 15:11
Zöhrab Qədiyevin hakimliyə qayıdışı sabah rəsmiləşəcək
Bakı. Mehman Süleymanov – APA-Sport. Sabah AFFA-nın Hakimlər Komitəsinin (HK) Xaqani Məmmədovun sədrliyi altında ilk iclası keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, assosiasiyanın baş katibi Elxan Məmmədov qurumun yeni sədrini hakimlərə təqdim edəcək. AFFA prezidenti Rövnəq Abdullayev həftənin ilk iş günündə hakimlərlə keçirdiyi görüşdə HK-nın sədri Murad Məmmədovun vəzifəsindən azad edilməsi və onun X.Məmmədovla əvəzlənməsi elan olunub. HK-nın 16:00-da başlayacaq iclasının gündəliyinə üç məsələ daxil edilib. Azərbaycan Premyer Liqasının növbəti turu çərçivəsində həftəsonu keçiriləcək oyunlara təyinatlar olacaq. X.Məmmədov sabiq sədrin vaxtında klubların təşəbbüsü ilə həyata keçirilən püşkatmanı ləğv edib ki, bu da cari mövsümdə təyinatların ilk dəfə sərbəst şəkildə keçirilməsi deməkdir. Sabiq FİFA hakimi Zöhrab Qədiyevin üç illik fasilədən sonra hakimliyə qayıdışına da sabah baxılacaq. 44 yaşlı beynəlxalq dərəcəli hakimin yenidən idarəçilik edəcəyi HK-nın iclasında rəsmiləşəcək.
Qeyd edək ki, milli dərəcəli hakim Rövşən Əhmədov haqqında cəza qərarı da qurumun sabahkı toplantısında çıxarılacaq.
0