Juninyo Osvaldo 162 gündən sonra meydana çıxa bilər
16.04.2008 - 16:58
Juninyo Osvaldo 162 gündən sonra meydana çıxa bilər
Lənkəran. Vüqar Xeyrullayev - APA-Sport. “Xəzər-Lənkəran” klubunun braziliyalı yarımmüdafiəçisi Juninyo Osvaldo Azərbaycan Premyer Liqasının 22-ci turunda “Standard”a qarşı oyunda meydana çıxa bilər. “APA-Sport” agentliyinin məlumatına görə, ötən il noyabrın 10-da “Neftçi” ilə görüşün 80-ci dəqiqəsində zədələnib meydanı tərk edən futbolçu 5 aydan sonra komandaya qoşulub. Vətənində əməliyyat olunub bərpa prosesini keçdikdən sonra ötən ay Lənkərana qayıdan J.Osvaldo bu gün komandanın məşqinə qatılıb. Xeyli müddətdir fərdi məşqlərlə kifayətlənən 26 yaşlı cənubi amerikalı Premyer Liqada keçirdiyi 9 oyunda 3 qol vurub. J.Osvaldo aprelin 20-də keçiriləcək oyunda meydana çıxacağı halda, 162 gündən sonra yenidən “Xəzər-Lənkəran”ın formasını geyəcək.
0