Berti Foqts: “Dünyanın heç bir yerində polislər kompakt şəkildə azarkeşlər arasında oturmurlar”
18.04.2008 - 18:02
Berti Foqts: “Dünyanın heç bir yerində polislər kompakt şəkildə azarkeşlər arasında oturmurlar”
Bakı. Elşən Məmmədov-APA-Sport. “Almaniyada da meydança ilə tribunalar arasındakı məsafə böyükdür. Amma orada oyunlara çoxlu tamaşaçı gəldiyindən, futbolçular azarkeş dəstəyini hiss edirlər. İstərdim ki, Azərbaycan yığmasının oyunlarını da çoxlu azarkeş izləsin”. «APA-Sport» agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts yığmamızın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionu ilə tanış olarkən deyib. Mərkəzi arenaya baxış keçirən almaniyalı mütəxəssis meydançanın ot örtüyünün normal vəziyyətdə olduğunu bildirib. Bununla yanaşı, millimizin bu stadionda keçirdiyi oyunların videoyazısını izlədiyini deyən B.Foqts tablo istiqamətindəki tribunalarda polislərin oturmasından narahatlığını gizlətməyib: “Polis əməkdaşları azarkeşlər arasında kompakt şəkildə oturmamalıdır. Belə hallara dünyanın heç bir yerində rast gəlmək mümkün deyil”.
0