Kaxaber Tsxadadze: “Ağasəlim Mircavadov kimi mütəxəssislə görüşdə nəticə qazanmaq mənim üçün başucalığı olardı”
19.04.2008 - 10:53
Kaxaber Tsxadadze: “Ağasəlim Mircavadov kimi mütəxəssislə görüşdə nəticə qazanmaq mənim üçün başucalığı olardı”
40 yaşlı gürcüstanlı mütəxəssis bildirib ki, Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində sabah “Şəfa” stadionunda görüşəcəkləri “Xəzər-Lənkəran”ın turnir cədvəlində tutduğu yer onun real gücünü əks etdirmir: “Bu komanda göstərdiyi oyunla 4-cü yeri tutmağa layiq deyil. “Xəzər-Lənkəran” bu ilin yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində möhtəşəm oyunla qalib oldu. Bundan sonra komandanın çıxışında eniş baş verdi ki, bu da gözlənilən idi. Ancaq “Xəzər-Lənkəran” son vaxtlar yüksəlişdə olduğunu nəzərə alsaq, sabah bizi çox çətin sınaq gözləyir”. K. Tsxadadzenin sözlərinə görə, hər iki komandanın hücum futbolu nümayiş etdirməsi azarkeşlərin baxımlı, maraqlı oyun izləməsinə imkan verəcək. Gürcüstanlı mütəxəssis 61 yaşlı həmkarı Ağasəlim Mircavadovu da lazımınca qiymətləndirib: “Köməkçim Badri Kvaratsxeliya bu mütəxəssisin rəhbərliyi altında iki il “Şəmkir” klubunun heyətində Azərbaycan çempionu olub və mənə onun haqda məlumat verib. Əslində hələ vətənimdə haqqında çox eşitdiyim Mircavadovun ən titullu məşqçiniz olduğunu bilirəm. Bu cür mütəxəssislə görüşdə nəticə qazanmaq mənim üçün də başucalığı olardı. “Standard” indiyədək bir çox güclü komanda ilə bərabər səviyyədə oynayıb. Güclülər dəstəsində ilk mövsümdür çıxış etdiyimizdən, xüsusilə liderlərlə görüşlərdə ən yaxşı keyfiyyətlərimizi göstərməliyik. Təbii ki, qələbə qazanmaq üçün meydana çıxacağıq. Heyətimizdə itkilər olsa da, heç-heçənin bizi qane etdiyini deyə bilmərəm”. K.Tsxaxadze hücumçu Rəcəb Fərəczadəni zədə, müdafiəçi, eyni zamanda kapitan Ruslan Qafitullini cəza səbəbindən sabah meydana buraxa bilməyəcək.
Qeyd edək ki, “Standard” ilk dövrədə səfərdə “Xəzər-Lənkəran”dan xal alıb (2:2).
0