Dmitri Kruqlov: “Komandamızın problemi hücum xəttindədir”
22.04.2008 - 11:46
“İndi bizim üçün çətin dövrdür. Həm çempionluq uğrunda, həm də kubok üçün mübarizə aparırıq. Hər iki cəbhədə güclü rəqiblərlə qarşılaşdığımızdan maksimum güc sərf etməli oluruq. Bu azmış kimi, bəxtsizlik qələbə qazanmağımıza imkan vermir. Arxa xətdə hər şey normaldır. Etibarlı müdafiəmiz öz işinin öhdəsindən gəlir. Problem hücumdadır ki, qol vura bilmirik. Qələbə üçün bizə cəmi bir qol çatışmır”. Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “İnter”lə qarşılaşacaq “Neftçi”nin yarımmüdafiəçisi karyerasında üçüncü dəfə finalda oynamaq arzusundadır. Vətənində “Levadiya” ilə iki dəfə Estoniya kubokunu qazanan D.Kruqlov matçın süni örtüklü meydanda keçirilməsində də ciddi problem görmür: “Süni meydanda oynamaq bir az çətindir. Amma inanmıram ki, bu, bizə mane ola bilsin. “İnter” ilə görüşün Respublika stadionunda keçirilməsini istəyirəm. Bu stadionun ot örtüyü daha yaxşıdır. Lakin “Şəfa”nın düz meydanına da uyğunlaşa bilərik”.
0
0