Berti Foqts: “Azərbaycan FİFA-nın reytinq siyahısında 2040-cı pillədə olacaq”
24.04.2008 - 17:49
Berti Foqts: “Azərbaycan FİFA-nın reytinq siyahısında 2040-cı pillədə olacaq”
Ölkəmizdə olduğu 10 gün ərzində Premyer Liqanın və kubokun bir neçə oyununu izlədiyini bildirən almaniyalı mütəxəssis futbolçuların səviyyəsindən narazı qalıb: “Futbolçular öz səviyyələrini artırmalıdırlar. Matçlara baxarkən yaxşı sürət görmədik ki, məhz bu, beynəlxalq futbolda mühüm amil hesab olunur. Oyunçular gündə 1 dəfə məşq etməklə kifayətlənməli deyillər. Onlar gündə ən azı 2 dəfə məşqə çıxmalıdırlar. AFFA-ya təqdim etdiyim ikiillik proqramda çoxlu təlim-məşq toplanışları və yoldaşlıq görüşlərinin keçirilməsi barədə qeydlər əksini tapıb”. 62 yaşlı məşqçi vurğulayıb ki, Azərbaycan klublarında forma geyən əcnəbilərin gələcəkdə “milliləşdiriləcəyi” istisna deyil: “Bir neçə futbolçu nəzərimi cəlb edib. Ancaq heç kimə konkret təklif göndərməmişik. Klub məşqçiləri ilə söhbət etdikdən sonra qərarımızı verəcəyik. Həqiqətən, bəzilərinin milli komandaya cəlb olunması məqsədəuyğun olardı, lakin onların Azərbaycan pasportu yoxdur. İstənilən halda, yığmanın formasını geyməyə razılıq verən əcnəbi bütün hissiyyatı, mənəviyyatı ilə buna hazır olmalıdır”. B.Foqts hücum futbolu nümayiş etdirməyin, çoxlu qol vurmağın vacibliyini söyləyib: “Azərbaycan futbolçuları həddən artıq müdafiədə “otururlar”. Futbol ortaya çıxıb gəzmək deyil. Oynamaq, qələbə qazanmaq məqsədilə mübarizə etmək lazımdır. Mən burada futboldan ötrü həqiqi istək görmürəm. Biz meydançaya qol vurmaq, qalib gəlmək üçün çıxacağıq. 2:0 hesabı da bizi qane etməyəcək. Mentalitet dəyişməlidir. Bir və ya iki qol vurmaqla, işimizi bitmiş hesab etməməliyik”. Baş məşqçi qeyd edib ki, yığma üzvləri Almaniyada fiziki testdən keçəcəklər. Azərbaycandakı stadionların vəziyyətindən danışan B.Foqts yeni meydançaların inşası üçün yaxşı imkanların olduğunu nəzərə çatdırıb: “Azərbaycanda “Uembli”yə oxşar stadionlar mövcud deyil. Buna baxmayaraq, burada xeyli boş torpaqlar var ki, orada stadionlar tikmək mümkündür. Əslində, Almaniyada da yaxşı stadion tapmaq çətindir. Yəqin ki, yanvar-fevralda alman klublarının oynadıqları stadionlara fikir vermisiniz”. Bu ilin fevralında Nigeriya yığmasından qovulan B.Foqts bunun əsl səbəbini də açıqlayıb: “Nigeriyada futbolçularla heç bir problemim yox idi. Yalnız Nigeriyanın futbol məmurları ilə aramızda anlaşılmazlıq yaranmışdı. Bu səbəbdən müqaviləni pozmaq qərarına gəldim”. Əcnəbi məşqçi hazırda FİFA-nın reytinq cədvəlində 137-ci yeri tutan milli komandamızın gələcəkdə hansı pillələrdə qərarlaşacağı ilə bağlı suala rişxəndlə cavab verib: “Azərbaycan 2040, 2020 və ya 2015 sırada olacaq”. Daha sonra B.Foqts bildirib ki, rəsmi və yoldaşlıq görüşlərində nəticə əldə etməklə FİFA-nın reytinq siyahısında pillə-pillə yüksəlmək olar. Həmçinin, almaniyalı çalışdırıcı iyunun 1-də Bosniya və Herseqovinaya qarşı keçiriləcək yoldaşlıq matçı barədə fikirlərini bildirib: “Bu oyunun keçirilməsi təşəbbüsünü Bosniya və Herseqovina Futbol Federasiyası irəli sürüb. Bilirəm ki, rəqibi səfərdə məğlub etmək asan məsələ deyil. Debütdə qənaətbəxş nəticə əldə edəcəyimizə inanıram”. Bu axşam vətəninə yollanan B.Foqts bir neçə gündən sonra Bakıya qayıdacaq.
0