Əsaslı yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi matç keçirilib.
Apasport.az xəbər verir ki, I Liqanın VIII turunda şəhərin eyniadlı komandası “Karvan-Yevlax”ı qəbul edib - 0:2.
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov stadionda keçirilən ilk rəsmi oyunu izləməyin onda xüsusi hisslər yaratdığını bildirib:
“Burada olmaq və Xankəndidə Azərbaycan çempionatının oyununu izləmək mənim üçün əvəzolunmaz hisslərdir. Stadionun müasir standartlara uyğunlaşdırılması, burada yaradılan şərait təqdirəlayiqdir. Bu əməyə görə xüsusilə gənclər və idman naziri Fərid Qayıbovun simasında Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm.
Bu gün təkcə futbol oyunu izləmədik, həm də Azərbaycan futbolunun ölkəmizin bütün bölgələrində təbliği və inkişafı baxımından əlamətdar hadisənin şahidi olduq.
Son illərdə I Liqanın səviyyəsinin yüksəlməsi göz qabağındadır. Hazırda burada maraqlı rəqabət var və çempionluq uğrunda bir neçə komanda mübarizə aparır. Məqsədimiz futbolun yalnız paytaxtda deyil, ölkəmizin bütün bölgələrində inkişafına və futbol coğrafiyasının genişlənməsinə şərait yaratmaqdır.
Stadion UEFA-nın III kateqoriyasına aiddir. Burada nəinki Premyer Liqa, hətta beynəlxalq oyunları da keçirmək mümkündür. İnanıram ki, bu arena gələcəkdə də maraqlı qarşılaşmalara ev sahibliyi edəcək və Xankəndidə futbol ənənələrinin bərpasına mühüm töhfə verəcək”.