AFFA-nın İcraiyyə Komitəsinin yeni üzvləri və vitse-prezidentləri müəyyənləşib - YENİLƏNİB
28.04.2008 - 12:00
AFFA-nın İcraiyyə Komitəsinin yeni üzvləri və vitse-prezidentləri müəyyənləşib - YENİLƏNİB
Öncə Mandat Komissiyasının sədri Cavanşir Yusifov konfransın səlahiyyətli olub-olmadığı barədə məlumat verib. Sədr bildirib ki, AFFA-nın 30 üzvünün hamısı konfransda iştirak etdiyi üçün iclas səlahiyyətli sayılır. Daha sonra Say Komissiyasının tərkibi müəyyənləşib ki, bunlar Fərid Novruzi, Musa Qurbanov və Rasim Zeynalovdan ibarət olub. AFFA-nın baş katibi Elxan Məmmədov assosiasiyanın hesabat ili haqda video çarxın hazırlandığını bildirib. Konfrans nümayəndələri çarxı izlədikdən sonra müstəqil audit təşkilatının sədri Tahir Əkbərov çıxış edib və hesabat ilinin yekununa görə, müsbət audit rəyi verildiyini söyləyib. Maliyyə vəsaitinin təyinatı üzrə xərcləndiyini deyən T.Əkbərov ciddi nöqsanlara yol verilmədiyini qeyd edib. Hesabat ili zərərlə başa vurulduğu üçün mənfəət əldə edilmədiyi də vurğulanıb. AFFA-nın 2008-ci il büdcəsi layihəsi ilə bağlı qurumun baş mühasibinin əvəzi Kəmalə Hüseynova çıxış edib. Onun sözlərinə görə, bu il gəlirlərin və xərclərin eyni məbləğdə – 10350000 manat olacağı proqnozlaşdırılır. Assosiasiyanın 2008-ci il üçün büdcəsi 20700000 manat təşkil edir.
Sonra İcraiyyə Komitəsinə (İK) seçkilər keçirilib. 10 yer uğrunda mübarizəyə 15 nəfər qoşulub. AFFA-nın Nizamnaməsinə əsasən, qurumun tərkibində AFFA-nın prezidenti Rövnəq Abdullayevi nəzərə almasaq, 10 nəfər yer alacaq. R.Abdullayev prezident seçildiyi üçün, İK-ya avtomatik üzv seçilib.

Gizli səsvermə zamanı İcraiyyə Komitəsinin yeni üzvləri müəyyənləşib.

Peşəkar Futbol Liqası – 4 yer

1. Rauf Əliyev – “Neftçi” PFK
2. Hafiz Məmmədov – “Bakı” FK
3. Ələkbər Məmmədov – “İnter” PİK
4. Kazbek Tuayev – “Simurq” FK

Regional Futbol Federasiyaları – 2 yer

1. Cahangir Hacıyev – Bakı FF
2. Elmar Qasımov – Mərkəz RFF

Sahə Futbol Təşkilatları – 2 yer

1. Mahir Məmmədov – Çimərlik FF
2. Mirkamil Rəhimov – Uşaq və Gənclər FF

İctimai təşkilatlar – 2 yer

1. Elşad Nəsirov – Futbolsevərlər Birliyi
2. İsgəndər Cavadov – Futbolçular Birliyi

Ardından İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib. Toplantıda assosiasiyanın vitse-prezidentləri seçilib. 2003-cü ilin dekabrın 29-da keçirilən hesabat-seçki konfransında olduğu kimi, Rauf Əliyev birinci vitse-prezident, Elşad Nəsirov vitse-prezident olub. AFFA-nın prezidenti Rövnəq Abdullayev onların namizədliyini irəli sürdükdən sonra səsvermə keçirilib və əvvəlki vitse-prezidentlərin fəaliyyətini davam etdirməsi rəsmiləşib.
0