Ağasəlim Mircavadov: “AFFA klubları da nəzərə almalı idi”
01.05.2008 - 16:15
Ağasəlim Mircavadov: “AFFA klubları da nəzərə almalı idi”
61 yaşlı mütəxəssis təqvimdəki dəyişikliyin səbəbini bilmədiyini söyləyib: “Ola bilsin ki, milli komandamızın baş məşqçisi Berti Foqtsun istəyi ilə belə alınıb. Buna etiraz etmirəm, biz hamımız yığmaya görə çalışırıq. Amma klubları da nəzərə almaq, dəyişikliklər haqda daha tez məlumat vermək vacibdir. Oyunların yeri dəyişəndə çempionatın ritmi, kubokun mahiyyəti itir”. A.Mircavadov vurğulayıb ki, final matçının mayın 28-də, Respublika Günündə keçirilməsi məqsədəuyğundur: “Təqvim əvvəldən düzgün qurulmalı, çempionat matçları eyni səviyyədə keçirilməlidir. Milli komanda iyunun 1-də oynayırsa, son tur əvvəl nəzərdə tutulduğu kimi mayın 24-25-də keçirilərdi. Nəticədə yığma üzvlərinin istirahət etməsinə daha çox vaxtları olardı”. Oyunların axşam saatlarına salınmasını zəruri hesab edən “Xəzər-Lənkəran”ın çalışdırıcısı bunu azarkeş amili ilə əlaqələndirib: “Futbol ilk növbədə azarkeşlərə görə oynanılır. Azarkeşlərin işdən sonra rahat oyuna baxmalarına şərait yaradılmalıdır. Yoxsa matçları günorta saatlarına salırlar. Mən bir çox stadionlarımızda projektorların olmadığını bildiyimdən bunu qəbul edirəm. Ancaq son turda Tovuzda “Turan”la qarşılaşma zamanı hava axşam saat 8-dən sonra qaraldı. Oyunu saat 16:00-da başlamağa nə lüzum var idi?”
Qeyd edək ki, AFFA-nın dəyişikliyinə əsasən, ölkə kubokunun “Xəzər-Lənkəran” və “İnter” arasında final oyunu mayın 24-ə, Premyer Liqanın axırıncı turu isə bundan 4 gün sonraya təyin olunub.
0