Azərbaycan kubokunun final matçının vaxtı niyə dəyişdirilib?
01.05.2008 - 18:55
Azərbaycan kubokunun final matçının vaxtı niyə dəyişdirilib?
Belə ki, assosiasiya başçısı mayın 29-30-da Avstraliyanın Sidney şəhərində təşkil olunacaq FİFA-nın 58-ci konqresinə qatılacaq. AFFA prezidenti bu tədbirdə iştirak edəcəyi halda, mayın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılması nəzərdə tutulan ölkə kubokunun final matçını izləyə bilməyəcək. Bu səbəbdən R.Abdullayev finalın 4 gün ertələnməsi barədə qərar çıxarıb. Özü də bu qərar verilərkən finalda oynayacaq “Xəzər-Lənkəran” və “İnter” klublarının rəhbərliklərinin fikri nəzərə alınmayıb. R.Abdullayev ölkə kubokunun həlledici görüşünü izləmək, baş mükafatı qalib komandaya özü təqdim etmək istəyir. Ancaq AFFA rəsmiləri məlum yerdəyişmənin həqiqi səbəbini mətbuatdan və futbol ictimaiyyətdən gizlədiblər. Onlar ölkə kubokunun finalının mayın 24-ə, mayın 24-25-də keçirilməsi planlaşdırılan Premyer Liqanın son turunun isə ayın 27-28-nə təyin edilməsini müxtəlif amillərlə əlaqələndirməyə çalışıblar.
Maraqlıdır ki, AFFA-nın ayrı-ayrı rəsmilərinin irəli sürdüyü səbəblər ziddiyyət təşkil edir, bir-birinə uyğun gəlmir. Məsələn, AFFA-nın baş katibi Elxan Məmmədovun “İnter”in prezidenti Georgi Nikolovla söhbət zamanı işlətdiyi sözlər gülünc doğurur. Futbol qurumunun 29 yaşlı rəsmisi, bu sahədə cəmi 10 ay təcrübəsi olan E.Məmmədov deyib ki, mayın 28-də dövlət bayramı ilə əlaqədar əhali gəzintilərdə, tədbirlərdə olduğu üçün final matçı diqqətdən kənarda qalacaq və stadiona həddən artıq az azarkeş gələcək. Baş katibin məntiqi ilə desək, futbol matçlarını istirahət deyil, iş günləri keçirmək məqsədəuyğundur. Yəqin ki, E.Məmmədovun təcrübəsizliyi və futbol biliyinin azlığı bəzi məqamları anlamağa ona maneçilik törədir. Görəsən, AFFA rəsmisi nəyə görə başa düşmür ki, bayram günlərində stadiona daha çox azarkeş toplamaq, Respublika günü ilə futbol matçını birləşdirərək ikiqat bayram keçirmək mümkündür? İndiyədək Azərbaycan kubokunun finallarının əksəriyyəti məhz mayın 28-də gerçəkləşib. Bununla yanaşı, 2004-cü il mayın 28-də Azərbaycan və Özbəkistan milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq görüşü zamanı ölkəmizdə əsl futbol bayramı yaşanıb. Çox güman ki, bundan Elxan Məmmədov bixəbərdir. Bəs uzun müddət AFFA-da çalışan Məlik Həsənova nə deyək? Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi bildirib ki, təqvimdəki dəyişiklik milli komandamızın qarşıdakı yoldaşlıq görüşləri ilə bağlıdır. Bunu başa düşmək olar. M.Həsənovun növbəti fikirlərini isə heç bir məntiqə sığmır: “Mayın 28-i dövlət bayramı ilə əlaqədar ölkədə bir sıra tədbirlər keçiriləcək. Telekanallar da bu tədbirləri işıqlandıracağından, final matçının yayımlanması ilə bağlı problem yaranacaq”. Deməli, AFFA rəhbərliyinin əsas diqqəti marketinqə yönəlib. Assosiasiya rəsmiləri futbol həvəskarlarının istəyini, eyni zamanda Respublika günü kimi mühüm dövlət bayramına barmaqarası baxırlar. “İnter”in bolqarıstanlı prezidenti Georgi Nikolov, ukraynalı baş məşqçisi Valentin Xodukin matçın ayın 28-də keçirilməsinin məqsədəuyğunluğunu deyiblər. Mövsümün dövlət bayramı ilə eyni gündə yekunlaşdırılmasını vurğulayan bu əcnəbilər oyunun vaxtının dəyişdirilməsindən təəssübkeşliklərini bildiriblər, pərişan olublar. Görəsən, bu həssaslıq özlərini vətənpərvər sayan AFFA-nın bəzi əməkdaşlarında niyə yoxdur? Mayın 28-də bolqarıstanlının və ya ukraynalının bayramıdır, yoxsa azərbaycanlıların?
0