“Neftçi” Azərbaycan Premyer Liqasında 198 gündür uduzmur
05.05.2008 - 10:56
“Neftçi” Azərbaycan Premyer Liqasında 198 gündür uduzmur
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan Premyer Liqasının XXIII turunda 3 klubun seriyası qırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Turan”, “Standard” və “Neftçi” ən azı 3 oyun davam edən seriyasını qırıb. Tovuzlular 3 matçlıq qələbə həsrətinə “Qəbələ” ilə qarşılaşmada son qoyub. Paytaxt klubları isə ardıcıl 3 heç-heçədən sonra fərqli nəticəyə imza atıb. 4 oyundur məğlub olmayan “Standard” “Qarabağ”a 0:1 hesabı ilə uduzmaqla, hər iki seriyasının qırılmasına üzülüb. “Neftçi” isə eyni hesabla “Karvan”ı üstələdiyindən heç-heçələrə son qoyub. Axırıncı dəfə ötən il oktyabrın 20-də “Bakı”ya uduzan flaqman Premyer Liqadakı məğlubiyyətsiz oyunlar sayını 15-ə çatdırıb. 198 gündür uduzmayan “Neftçi”nin növbəti turdakı rəqibi “Xəzər-Lənkəran” isə son 7 qarşılaşmada məğlub olmayıb. Üç komanda isə qələbəsiz oyunlar seriyasını davam etdirir. “Karvan”la “Simurq” 6, “Bakı” isə 8 oyundur meydanı qalib tərk etmir.
0