Ağasəlim Mircavadov: “Bizimlə oyunda “Bakı”nın futbolçuları 18 dəqiqə yerdə uzanaraq vaxtı uzadıblar”
05.05.2008 - 12:45
Ağasəlim Mircavadov: “Bizimlə oyunda “Bakı”nın futbolçuları 18 dəqiqə yerdə uzanaraq vaxtı uzadıblar”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. 61 yaşlı mütəxəssis komandasının onu belə əlamətdar gündə qələbə ilə təbrik etməməsindən üzülməsə də, rəqib futbolçuları günahlandırıb: “Xüsusilə ikinci hissədə yetirmələrimin oyunundan razı qaldım. Sadəcə, böyük ərazi üstünlüyünə malik olduğumuz matçda çoxsaylı qol imkanlarından istifadə edə bilmədik. Hörmət etdiyim “Bakı” komandası isə qarşılaşmanın gedişində bilərəkdən vaxtı uzadırdı. Saniyəölçənlə hesablama aparmışıq və məlum olub ki, “Bakı”nın futbolçuları 18 dəqiqə yerdə uzanaraq vaxtı uzadıblar. Halbuki “Bakı” əvvəllər belə işlərlə məşğul olmur, gözəl oyun nümayiş etdirirdi. Belə çıxır ki, vaxtı necə uzatmağı avropalı məşqçilərdən öyrənməliyik”. Makedoniyalı məşqçi Qyoko Hacievskinin rəhbərlik etdiyi “Bakı” ilə ilk dövrədəki matçın da heç-heçə qurtardığını xatırladan A.Mircavadov bildirib ki, nəticə oyuna görə olmayıb: “Əslində bu komandanı ilk dövrədə də məğlub etməli idik. Həmin matçda 2:0 hesabı ilə öndə idik, qapımıza şübhəli penalti təyin edildi və sonda qələbəni əldən verdik. Futbolda belə şeylər olur. Budəfəki xal itkisi ilə liderdən bir qədər də uzaqlaşdıq. Azərbaycan çempionatında çıxış etdiyimizi nəzərə alsaq, qızıl medal qazanmaq şansımız yoxdur. Məsələn, İngiltərə çempionatında mübarizə aparsaydıq, şansımız qalardı. Belə danışmağımın səbəbləri çoxlarına məlumdur”.
Qeyd edək ki, “Xəzər-Lənkəran” Premyer Liqanın sonuna üç tur qalmış lider “Olimpik” klubundan 7 xal arxada qalıb.
0