Roman Pokora: “Biz kənardan pul alıb, sifariş yerinə yetirən adamlar deyilik”
05.05.2008 - 17:03
Roman Pokora: “Biz kənardan pul alıb, sifariş yerinə yetirən adamlar deyilik”
Zaqatala. Mehman Süleymanov – APA-Sport. “Olimpik”i büdrətməyimizdə qeyri-adi heç nə yoxdur. Biz Premyer Liqanın liderindən xal almağı planlaşdırmışdıq və buna da nail olduq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora bildirib. “Neftçi”nin ardınca, “Olimpik”lə də Qaxda qolsuz heç-heçə edən ukraynalı mütəxəssis rəqiblərin fərqli oyun nümayiş etdirdiyini söyləyib: “Olimpik”dən fərqli, ”Neftçi” tipik Azərbaycan komandasıdır. Əsasən texnikaya üstünlük verir, topla incə rəftar edir. “Olimpik” isə öz oyununa görə Ukrayna və Almaniya klublarını xatırladır. Ukraynalılar kimi meydanda mübariz, sərt olurlar, almaniyalıların üslubunda uzun ötürmələrə üstünlük verirlər. Yetirmələrimə “Olimpik”lə görüşün daha çətin olacağını demişdim. Düzdür, qol vəziyyətlərinə görə qələbəyə biz daha yaxın idik”. R.Pokora Azərbaycanda ilk böyük hesablı məğlubiyyətə “Olimpik”lə matçda düçar olduğunu deyib: “İki il öncəyə təsadüf edən bu məğlubiyyət yaxşı yadımdadır. Həmin qarşılaşmada mənə gəldi ki, bəzi futbolçularımız “Simurq”un deyil, “Olimpik”in xeyrinə oynayırlar. Şübhələndiyim futbolçular artıq komandada yoxdurlar. Bu baxımdan “Olimpik”lə görüşdə nəticə mənin üçün prinsipial əhəmiyyət kəsb edirdi”. Çempionluq uğrunda mübarizədə favoritlərə müqavimət göstərdikləri üçün sevinən 60 yaşlı ukraynalı məşqçi bildirib ki, onun komandası haqda dolaşan xoşagəlməz söz-söhbətlər həqiqətəuyğun deyil: “Çox şadam ki, məhz “Simurq” çempionluq mübarizəsinə rəng qatdı, rəqabəti artırdı. “Neftçi”dən xal alanda “Olimpik”ə işlədiyimizi deyirdilər. “Olimpik”i büdrətməklə bunun belə olmadığını göstərdik. Zaqatalada və Qaxda alnıaçıq, başıuca gəzmək istəyirəm. Pərdəarxası, danışılmış oyunlara girmək məcburiyyətində qalsam, əşyalarımı yığıb Ukraynaya qayıdaram. Oyundan sonra mənimlə əlaqə saxlayan yetirməm, hazırda “Neftçi”nin formasını geyinən Aleksandr Çertoqanov liderdən xal aldığımıza görə minnətdarlıq etdi. Mən də cavabımda kişi kimi oynadığımızı dedim. Bilirsiniz, biz kənardan pul alıb, sifariş yerinə yetirən adamlar deyilik. Öz rəhbərliyimiz, sponsorumuz var. Onlar da mükafatlandırma məsələsinə ciddi yanaşıb, verdikləri vədləri yerinə yetirirlər”.
Qeyd edək ki, “Simurq” ötən mövsümdə də Qaxda “Olimpik”lə heç-heçə (2:2) oynayıb.
0