AFFA bu gün 4800 manat qazanıb
06.05.2008 - 15:56
AFFA bu gün 4800 manat qazanıb
Bakı. Mehman Süleymanov – APA-Sport. Bu gün AFFA Nizam-İntizam Komitəsinin (NİK) növbəti iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, komitə Azərbaycan Premyer Liqasının XXIII turunda “Bakı”nı qəbul etmiş “Xəzər-Lənkəran”ı 2000 manat cərimələyib. Buna lənkəranlı azarkeşlərin oyun bitdikdən sonra meydana kənar əşyalar atması səbəb olub. “Bakı” rəhbərliyi isə 5 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimə ödəyəcək. “Gənclərbirliyi” də futbolçuları “Masallı” ilə qarşılaşmada nəzərdə tutulduğundan çox sarı vərəqə ilə cəzalandırıldığı üçün eyni məbləğdə cərimələnib. Premyer Liqa təmsilçilərindən fərqli, birinci divizionda mübarizə aparanlar analoji cəzaya görə 10 dəfə az cərimə verəcəklər. Belə ki, MOİK və “MKT-Araz” klubları hərəyə 100 manat xərcə düşəcək. Bir-birini dirsəklə vurduğundan meydandan qovulan Samir Bayramov (“Bakılı”) və Ruhid Usubov (“MKT-Araz”) isə iki oyunluq cəza ilə yanaşı, 200 manat cəriməyə məruz qalıb. Bundan başqa, TT futzal klubunun üzvü Seymur Məmmədov da cəzadan yaxa qurtara bilməyib. O, “Sumqayıt”la görüşün 39-cu dəqiqəsində ikinci xəbərdarlıq alarkən hakimi təhqir edib, ona hədə-qorxu gəlib. NİK bu hərəkətinə görə S.Məmmədovu 5 oyunluq diskvalifikasiya edib. Həmçinin, TT assosiasiyanın büdcəsinə 200 manat köçürməlidir. AFFA NİK-in kəsdiyi cərimələrə əsasən, bu gün ümumilikdə 4800 manat qazanıb.
0