Meho Kodro: “İranla müqayisədə, Azərbaycanla oynamaq daha faydalıdır”
07.05.2008 - 10:37
Meho Kodro: “İranla müqayisədə, Azərbaycanla oynamaq daha faydalıdır”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bosniya və Herseqovina yığması iyunun 1-də yoldaşlıq oyununda qarşılaşacağı Azərbaycanla matç öncəsi daha bir problemlə üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, bu dəfə komandanın baş məşqçisi Meho Kodro ilə futbol federasiyası arasında narazılıq yaranıb. Qurum başbilənləri bir müddət əvvəl yaranan problemi həll edərkən mütəxəssisin narazılığı ilə qarşılaşıb. Belə ki, mayın 27-də Polşa ilə Almaniyanın Ştutqart şəhərində görüşməli olan M.Kodronun yetirmələri bu oyun baş tutmadığından rəqibsiz qalmışdı. Bosniya və Herseqovina Futbol Federasiyası həmin matçın yoxluğunu sığortalamaq üçün İranla danışıqlara başlayıb ki, bu da M.Kodronu özündən çıxarıb. Onun sözlərinə görə, Azərbaycanla qarşılaşmaq İranla oynamaqdan daha faydalıdır: “İranla müqayisədə, Azərbaycanla oynamaq daha faydalıdır. Tehrandakı qarşılaşmadan biz nə qazanacağıq ki? Onsuz da mövsümün sonu olduğundan futbolçular klublarında kifayət qədər yorulub. İran elə bir rəqib deyil ki, onlarla görüşdə oyun planında nəyəsə nail olaq. Dəfələrlə onlarla qarşılaşmışıq”. Federasiyanın birinci vitse-prezidenti Süleyman Çolakoviçin baş məşqçinin dediklərinə reaksiyası özünü gözlətməyib: “Kodronun narazılığını başa düşə bilmirəm. Tehrana 200 min kilometr məsafə yoxdur ki, narazılıq etsin. Onsuz da komandamıza səfər xərclərinin hamısını ödəyəcəyik”.
0