Mahmud Qurbanov: “Neftçi”nin “Xəzər-Lənkəran”la oyunda xal itirməsi bizə sərf edir”
07.05.2008 - 13:21
Mahmud Qurbanov: “Neftçi”nin “Xəzər-Lənkəran”la oyunda xal itirməsi bizə sərf edir”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Cari mövsümdə mükafatçılar sırasına düşməyimiz ilk növbədə özümüzdən asılıdır. Çempionatın qalan üç oyununda xal itirsək, işimizi çətinə salacağıq. Deməli, “Turan”, “Gənclərbirliyi” və “Qəbələ” ilə görüşlərdə mütləq qələbə qazanmalıyıq”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib. Onun sözlərinə görə, turnir cədvəlində üçüncü pillədə qərarlaşan “İnter” növbəti matçlara ciddi hazırlaşır: “Rəqiblərimizlə müqayisədə təqvim bizim üçün münasibdir. Amma buna görə arxayınlaşmaq olmaz. Biz yalnız öz oyunlarımız haqda düşünürük. Bəzən futbolda gözlənilməz nəticələrə də rast gəlmək mümkündür. Çempionatın yekununda neçənci yeri tutacağımız əsas rəqiblərimizin göstərdikləri nəticələrdən də asılıdır. Rəqiblərimiz heç olmasa bir görüşdə xal itirsə, şansımız xeyli yüksələcək”. Azərbaycan Premyer Liqasının XXIV turunun mərkəzi görüşü “Neftçi” və “Xəzər-Lənkəran” arasında olacaq. Bu komandaların hər ikisinin heyətində həm ölkə çempionluğu, həm də kuboku qazanan 35 yaşlı futbolçu mayın 11-də keçiriləcək matçda “İnter” üçün sərfəli nəticə qeydə alınmasını arzulayır: “Neftçi” - “Xəzər-Lənkəran” oyunu ilə bağlı proqnoz vermək istəmirəm. Şübhəsiz ki, çempionluğa oynayan “Neftçi” meydana yalnız qələbə qazanmaq üçün çıxacaq. Nəzərə alsaq ki, qızıl medalları qazanmağa şansı qalıb, onda bu klub “Xəzər-Lənkəran”ı məğlub etməlidir. “Neftçi”nin xal itirməsi isə bizə sərfəlidir. Hesab edirəm ki, cari mövsümdə mükafat qazanmaq imkanımız böyükdür. Ən azı 3-cü yerdəki mövqeyimizi sonadək qorumalıyıq”.
Qeyd edək ki, hazırda ikinci yeri tutan “Neftçi” “İnter”i 2 xal qabaqlayır. Tarixi ərzində medal qazanmayan “İnter” flaqmanla xalları bərabərləşdirəcəyi təqdirdə, qələbələrinin sayı çox olduğundan ikinci pilləyə yüksələcək.
0