Ramiz Məmmədov: “Gənclərbirliyi” Qəbələyə dişini itiləyib gəlir”
08.05.2008 - 16:25
Ramiz Məmmədov: “Gənclərbirliyi” Qəbələyə dişini itiləyib gəlir”
Qarşıdakı turda “Gənclərbirliyi”ni qəbul edəcək qəbələlilərin 40 yaşlı çalışdırıcısı autsayderlərlə qarşılaşmaların çətin olmasını gizlətmir: “Hələ ABN-lə oyun öncəsi rəqibdən çəkindiyimi demişdim. “Gənclərbirliyi”nə də liderlər kimi hörmət edib, ondan ehtiyatlanıram. Bu komandanın son üç oyunda uduzmamağı, 7 xal yığması hazırda yaxşı formada olduğunu göstərir. “Gənclərbirliyi” Qəbələyə necə deyərlər, dişini itiləyib gəlir. Biz isə “Turan”a ağır məğlubiyyətindən sonra ilk növbədə psixoloji durumu yaxşılaşdırmağa çalışırıq”. Tovuzdakı məğlubiyyətin (2:4) təsadüfi olduğunu göstərmək fikrində olan R.Məmmədov mətbuatda komandasının adının danışılmış hallanmasından narazıdır. Məşqçi mətbuatın haqlı ittihamlarını qəbul etdiyini bildirib: “Ötən mövsüm güclülər dəstəsində yerimizi qoruyanda “Karvan”la 3:3 hesabı ilə nəticələnən oyunda böyük qardaşın kiçik qardaşa kömək etdiyi deyildi. Belə idisə, Ramiz Məmmədov niyə çempionatın ilk turunda Yunis Hüseynova borcunu qaytarmadı, “Standard”ı 1:0 hesabı ilə yendi? Yaxud, “Karvan”ı cari mövsümdə niyə hər iki matçda məğlub etdik? Bizə rəhbərlik səviyyəsində kiməsə xal vermək tapşırılmır. Sadəcə, futbol dairələrində, tanış futbol adamları hansısa komandaya kömək edəcəyimizlə bağlı xoşagəlməz şeylər soruşurlar. Elələrinə kobud da olmasa, sərt, tutarlı cavab verirəm. Komanda vaxtında niyə lazımi xal toplamır ki, indi kiminsə ümidinə qalsın? Birdə ki 5-ci yeri tutub, İntertotoya vəsiqə qazanmağı qarşıya məqsəd qoyduğum halda, niyə kiməsə xal verməliyəm?”
Qeyd edək ki, turnir cədvəlində 6-cı yerdə gedən “Qəbələ” 5-ci pillənin sahibi “Qarabağ”dan 2 xal geri qalır.
0