Asim Xudiyev: “Messner almaniyalı hakimlərdən geri qalmır”
08.05.2008 - 18:16
Asim Xudiyev: “Messner almaniyalı hakimlərdən geri qalmır”
Bakı. Mehman Süleymanov-APA-Sport. “Avstriyalı Şteffan Messner tanıdığım hakimlərdəndir. Vaxtilə onun idarəçiliyinə qiymət vermişəm”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev deyib. Azərbaycan Premyer Liqasının qarşıdakı turunda “Neftçi” – “Xəzər-Lənkəran” oyununa hakim-inspektor kimi təyinat alan 51 yaşlı veteran hakim yenidən S.Messnerin idarəçiliyinə qiymət verməli olacaq. A.Xudiyevin sözlərinə görə, “Neftçi” – “Xəzər-Lənkəran” görüşünə avstriyalı hakimlərin təyinat almasından bixəbər imiş: “Bu oyunu əcnəbilərin idarə edəcəyini bilsəm də, hakimlər briqadasının konkret Avstriyadan olması haqda məlumatım yox idi. Hər halda, yenidən qarşılaşacağım, idarəçiliyinə qiymət verəcəyim Şteffan Messner indiyədək Azərbaycana gələn almaniyalı hakimlərdən geri qalmır. Avstriyalının 2004-cü ildə UEFA kubokunun qrup mərhələsində Belarusda idarə etdiyi “Dinamo” (Minsk) – “Soşo” (Fransa) görüşündə hakim-inspektor mən idim. Fransızların 2:0 hesabı ilə qələbə qazandığı həmin oyunda Ş.Messner yüksək idarəçilik nümayiş etdirdi. UEFA-ya göndərdiyim raportda ona 8,5 bal yazmışdım. Yüksək kateqoriyalı hakimlərdən sayılan Ş.Messner oyun qaydalarını yaxşı bilir, ciddiliyi ilə seçilir. Vərəqə verməyə o qədər də meylli hakim deyil”.
Qeyd edək ki, “Neftçi” – “Xəzər-Lənkəran” matçına AFFA nümayəndəsi qismində assosiasiyanın Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi Məlik Həsənov təyinat alıb.
0