AFFA “Olimpik” - “Karvan” matçını avstriyalı hakimlərin idarə etməsini istəyib
09.05.2008 - 12:57
AFFA “Olimpik” - “Karvan” matçını avstriyalı hakimlərin idarə etməsini istəyib
Bakı. Mehman Süleymanov - APA-Sport. “Çempionat oyunlarına əcnəbi hakimlərin dəvət edilməsi ilə bağlı UEFA-nın Hakimlər Komitəsini məlumatlandırmırıq. Bunu etməyə borclu deyilik. AFFA ilə Almaniya Futbol İttifaqının (AFİ) rəhbərliyi arasında qarşılıqlı əməkdaşlıqla bağlı imzalanan memorandumda hakimlərin dəvət edilməsi də razılaşdırılıb”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan Premyer Liqasının qarşıdakı turunda “Neftçi” - “Xəzər-Lənkəran” matçını ilk olaraq almaniyalı hakimlərin idarə etməsi planlaşdırılıb: “Sadəcə, almaniyalı hakimlər məşğul olduqlarından, onların bu dəfə gəlişi mümkün olmadı. Belə olan halda, Avstriyanın ali futbol qurumuna müraciət edildi və müsbət cavab alındı. “Neftçi” - “Xəzər-Lənkəran” görüşünü məhz Şteffan Messnerin başçılıq etdiyi briqadanın idarə etməsini avstriyalıların özləri müəyyənləşdirib. Hakimlərlə bağlı klubları məlumatlandırmayan AFFA avstriyalıların xərclərini öz üzərinə götürüb”. X.Məmmədov bildirib ki, qarşıdakı turda iki oyunda avstriyalı hakimlərin təyinatı gündəmdə olub: “Əslində, “Olimpik” – “Karvan” görüşünü də bu ölkənin təmsilçilərinin idarə etməsini istəyirdik və bununla bağlı rəsmi müraciət olunmuşdu. Ancaq avstriyalılar digər hakimləri boş olmadığı üçün, birdən-birə iki briqada göndərə bilmədilər. Belə olan halda, Anar Salmanovun təyin olunmasına qərar verdim. Bu hakimin Premyer Liqanın son turunda ən aşağı qiymət alması məni maraqlandırmır. Mən Anarın idarə etdiyi ABN – “İnter” görüşünü Bərdədə izləmişəm və gördüklərimi hakim-inspektorun verdiyi qiymətdən üstün tuturam. Salmanovu liderin oyununu yüksək səviyyədə idarə etməyə hazır sayıram”.
0