Ramin Musayev: “AFFA-nın baş katibi ilə əlbir olan avstriyalı hakim komandamızı dayandırmaq tapşırığını yerinə yetirdi”
12.05.2008 - 12:56
Ramin Musayev: “AFFA-nın baş katibi ilə əlbir olan avstriyalı hakim komandamızı dayandırmaq tapşırığını yerinə yetirdi”
Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti Ramin Musayev deyib. Hesabat turunda “Xəzər-Lənkəran”a məğlub olduqları (0:1) görüşün baş hakimi Şteffan Messnerin idarəçiliyindən narazı qalan R.Musayev avstriyalının komandasının başına oyun açdığını bildirib: “Messner artıq 9-cu dəqiqədə üç futbolçumuza sarı vərəqə göstərib. 25-ci dəqiqədə isə kapitanımız Zaur Tağızadəyə əsassız olaraq qırmızı vərəqə göstərərək, onu meydandan qovdu. Artıq onun bu qərarları ilə “Neftçi”yə qarşı çıxması görünürdü”. Ş.Messneri hakim hesab etməyən R.Musayev onu sifariş yerinə yetirməkdə ittiham etməklə yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədovu da günahlandırıb: “Avstriyalı hakim Elxan Məmmədovla əlbir olub. “Xəzər-Lənkəran”la oyunumuzu idarə edən hakimə verilən tapşırıq “Neftçi”ni dayandırmaq idi. Almaniyalıdan fərqli, avstriyalı bu tapşırığı yerinə yetirməyə razılıq verdi. Çünki Şteffan Messnerin 44 yaşı var, beynəlxalq karyerası bitir. Təqaüdə çıxan avstriyalı hakimin pul qazanmaq vaxtıdır. Niyə əcnəbi hakim bir qayda olaraq “Neftçi”nin oyunlarına gətirilir? Elxan Məmmədovun AFFA-dan kənarda gördüyü işlər öz nəticəsini verir”. R.Musayev bildirib ki, narazılıqlarını klub prezidenti Əkbər Hacıyevə çatdırıblar.
Qeyd edək ki, cari mövsümdə ölkə kubokunu da nəzərə alsaq, əcnəbi hakimlərin dəvət olunduğu 5 oyundan 4-ü “Neftçi”nin oyununa təsadüf edib.
0