Mixaylo Starostyak: “Rövşən Əhmədov hakimlikdə yeni qayda icad edib”
13.05.2008 - 12:36
Mixaylo Starostyak: “Rövşən Əhmədov hakimlikdə yeni qayda icad edib”
Zaqatala. Mehman Süleymanov - APA-Sport. “Azərbaycanda elə hakimlər var ki, meydanda həm futbolçulara, həm də özlərinə əzab verirlər”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Zaqatalanın “Simurq” klubunun ukraynalı legioneri Mixaylo Starostyak deyib. 35 yaşlı müdafiəçinin sözlərinə görə, azərbaycanlı hakimlərin buraxdığı səhvlər matçın nəticəsinə təsir göstərir: “Son turda “Masallı” ilə Lənkərandakı görüşümüz bu baxımdan istisna idi. Vurduğumuz təmiz qol hesaba alınmadı. Yan xətt hakimi İqor Şpakovski elə mövqedə durmuşdu ki, epizodu dəqiq görə bilməzdi. Belə olduğu halda, oyundan sonra ona yaxınlaşıb, bayrağı niyə qaldırdığını soruşuram. Hakim isə cavabında “bura gəlib pulumuzu qazanırsınız, çıxın gedin evinizə” deyir. Bu sözlər mənə çox pis təsir göstərdi. Axı mən adi futbolçu deyiləm. Çempionlar Liqasında, yığma komandada kifayət qədər oyun keçirmişəm. Ukraynanın güclülər dəstəsində 300-dən çox görüşdə meydana çıxmışam. Bura gələnədək nə qədər səviyyəli yarışlar, hakimlik görmüşəm. Ən əsası, Azərbaycana gəlməkdə əsas məqsədim pul qazanmaq yox, “Simurq”u çalışdıran həmyerlim Roman Pokoraya dəstək olmaq, kömək etməkdir”. Donetskin “Şaxtyor” klubunun heyətində 9 il çıxış edən futbolçu milli dərəcəli hakim Rövşən Əhmədovun idarəçiliyindən də narazıdır. “Masallı” - “Simurq” matçını (1:1) idarə edən bu referi M.Starostyakı təəccübləndirib: “Epizodların birində topa yiyələnəcəyimi komanda yoldaşlarıma bildirmək üçün “mən” deyə qışqırdım. Baş hakim də buna görə mənə sarı vərəqə göstərdi. Cəzalanmağımın səbəbini soruşanda meydanda səsimi ucaltdığımı mənə irad tutdu. Mən başa düşmürəm, qışqırmaq nə vaxtdan qayda pozuntusu olub? Maraqlıdır, bəlkə bu yeniliyi Azərbaycanda olan hakimlər kəşf ediblər? Görünür, Rövşən Əhmədov hakimlikdə yeni qayda icad edib”.
Qeyd edək ki, Ukrayna yığmasının heyətində 17 oyun keçirən M.Starostyak “Şaxtyor”la bir çempionluq, yeddi gümüş medal və dörd dəfə ölkə kuboku qazanıb.
0