İlqar Qurbanov: “UEFA-dan cavab gözləyirik”
14.05.2008 - 13:12
İlqar Qurbanov: “UEFA-dan cavab gözləyirik”
Onun sözlərinə görə, oyun praktikası sarıdan korluq çəkdiyi komandasında qalıb-qalmayacağını yaxın müddətdə dəqiqləşdirəcək: “Mövsüm bitəndən sonra Sivas şəhərini tərk etmişəm. Ayın sonunadək İstanbulda istirahətdə olacağam. Bu müddətdə karyeramı harada davam etdirəcəyimə aydınlıq gətirmək fikrim var. Qarşıdakı həftədə baş məşqçi ilə görüşməliyəm. Onunla danışmamış başqa kluba keçə bilmərəm. Çünki “Sivasspor”la hələ iki illik müqaviləm var”. İstirahət müddətində Azərbaycana gəlmək fikrində olan İ.Qurbanov bildirib ki, karyerasını xaricdə davam etdirmək istəyindədir. Türkiyə Superliqasında 4-cü yeri tutan “Sivasspor”un 22 yaşlı futbolçusu az oynasa da, mövsümü uğursuz hesab etmir: “Komandamızın çıxışı uğurlu qiymətləndirilir. Tutduğumuz yer yaxşı göstərici sayılır. Sonda 4-cü olduğumuzu təcrübəsizliklə bağlamazdım. Hər halda, ilk “üçlüy”ü tutan Türkiyənin böyük klubları “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”dan geri qaldıq”. Türkiyə Superliqasının mükafatçısı olmaq ümidini itirmədiyini söyləyən İ.Qurbanov bu məsələnin UEFA-dan asılı olduğunu vurğulayıb: “3-cü yeri komandamızın, yaxud “Beşiktaş”ın tutması ilə bağlı mübahisəli məsələ hələ də qalır. Türkiyə Futbol Federasiyası (TFF) “Sivasspor”u 4-cü, UEFA isə 3-cü göstərir. “Beşiktaş”la öz aramızdakı topların fərqini hesablayanda biz üstünük. Ancaq TFF bizimlə eyni xala malik 2-ci yerin sahibi “Fənərbaxça”nın da göstəricilərini nəzərə almaqla, “Sivasspor”u 4-cü edir. Bu məsələ ilə bağlı müraciət etdiyimiz UEFA-dan cavab gözləyirik. Qitə futbol qurumu şikayətimizi təmin edərsə, 3-cü olub, UEFA kubokuna vəsiqəyə və bürünc mükafata sahib çıxa bilərik. İntertotoya düşsək belə, oynamağa hazırıq. Elə bunu nəzərə alaraq, artıq iyunun 2-də hazırlıq məqsədilə bir araya gəlmək nəzərdə tutulub”.
0