Xaqani Məmmədov: “Xəzər-Lənkəran” - “Olimpik” matçına yerli hakimlər təyinat alacaq”
14.05.2008 - 17:48
Xaqani Məmmədov: “Xəzər-Lənkəran” - “Olimpik” matçına yerli hakimlər təyinat alacaq”
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasının qarşıdakı turuna təyinatlar sabah açıqlanacaq. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun sözlərinə görə, əcnəbi hakimlərin qarşıdakı turun “Xəzər-Lənkəran” - “Olimpik” matçına gələcəyi hələ dəqiqləşməyib: “Əcnəbilərin gəlməsi yalnız Hakimlər Komitəsindən asılı deyil. Bunu həll edən AFFA rəhbərliyi hazırda ölkə xaricində səfərdədirlər. Onlar qayıtdıqdan sonra bu məsələyə tam aydınlıq gələcək. Ancaq yəqin ki, qarşıdakı turda, o cümlədən, “Xəzər-Lənkəran” - “Olimpik” matçını yerli hakimlər idarə edəcək. Hər halda, Lənkərandakı matça az qalıb və klublardan heç biri oyuna əcnəbi hakimin dəvət edilməsi ilə bağlı AFFA-ya müraciət etməyib. Lazım gəlsə, hakimlərlə bağlı Almaniya, yaxud Avstriyaya müraciət edib, müsbət cavab ala bilərik”. X.Məmmədovun sözlərinə görə, “Xəzər-Lənkəran” - “Olimpik” oyununu yüksək səviyyədə idarə edə bilən hakimlərimiz var: “FİFA hakimlərimizdən ikisi Babək Quliyevlə Fariz Yusifov tam hazırdır. Vüsal Əliyev də zədəsini sağaldıb və birinci dəstədə oyun idarə edir. Hazırda yaxşı formada olan Anar Salmanov, Anar Niyazov kimi gənc hakimlərimiz var ki, onlar istənilən matçı yüksək səviyyədə idarə bilərlər. Ümumiyyətlə, bizdə belə qəbul olunub ki, əsas, derbi oyunlara birmənalı FİFA hakimləri təyinat almalıdır. Ancaq belə olmamalıdır. Beynəlxalq dərəcəli hakimlərin hər tura təyinat alması şərt deyil ki, son turlarda bu müşahidə olunur. Əksinə, hakimlər arasında rəqabəti artırmaqla, yüksək hazırlıqlı olanlara üstünlük verəcəyik”.
0