Bosniya və Herseqovina yığmasını Azərbaycanla matça kim çıxaracaq?
15.05.2008 - 13:28
Bosniya və Herseqovina yığmasını Azərbaycanla matça kim çıxaracaq?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İyunun 1-də Azərbaycanla qarşılaşacaq Bosniya və Herseqovina yığmasını həmin görüşə kimin çıxaracağı sual altındadır. “APA-Sport” agentliyinin məlumatına görə, federasiya ilə münasibətləri pozulan Meho Kodronun taleyinə bu günlərdə keçiriləcək İcraiyyə Komitəsinin iclasında aydınlıq gələcək. 41 yaşlı mütəxəssis yığmadan ayrılacağının daha inandırıcı olduğunu bildirib. İranla mayın 26-da keçiriləcək yoldaşlıq matçı ilə bağlı tərəflər arasında yaranan narazılığın bu həddə çatması Bosniya və Herseqovina mətbuatını da narahat edir. Ölkə futbolunun nəhəngi sayılan M.Kodroya belə münasibətin düzgün olmadığını düşünən həmkarlarımız İran və Azərbaycanla qarşıdakı oyunlarla bağlı suallara da cavab axtarır. Hansı məşqçinin dəvət edəcəyi futbolçuların kimin rəhbərliyi altında meydana çıxacağı ilə bağlı müzakirələr aparan balkanlılar heyətin 19-da açıqlanmasına ümid edir.
Qeyd edək ki, baş məşqçi ilə federasiya arasındakı problemlər yaranmamışdan heyətin mayın 14-də açıqlanacağı gözlənilirdi.
0