“Xəzər-Lənkəran” Ağasəlim Mircavadovla 50-ci qələbəsini qazana biləcəkmi?
16.05.2008 - 11:08
“Xəzər-Lənkəran” Ağasəlim Mircavadovla 50-ci qələbəsini qazana biləcəkmi?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan çempionluğunu rəsmiləşdirmək üçün Bakının “Olimpik” klubu Ağasəlim Mircavadovun yubileyini korlamağa çalışacaq. “APA-Sport” agentliyinin məlumatına görə, 61 yaşlı mütəxəssisin rəhbərlik etdiyi “Xəzər-Lənkəran” Premyer Liqanın liderini məğlub etməklə, baş məşqçisinin yubileyini rəsmiləşdirəcək. Artıq sabiq ölkə çempionu olan lənkəranlıların qələbəsi A.Mircavadovla əldə olunan 50-ci uğur olacaq. İndiyədək “Xəzər-Lənkəran” mütəxəssisin rəhbərliyi altında 49 qələbə qazanıb. A.Mircavadovun yetirmələri Premyer Liqada 31, ölkə kubokunda 14, MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kubokunda 4 dəfə rəqibini üstələyib. Yubiley ərəfəsində olan lənkəranlılar 61 yaşlı çalışdırıcısının rəhbərliyi altında qazandığı qələbələrin 3-ü “Olimpik” üzərində qeyd alınıb.
Qeyd edək ki, “Xəzər-Lənkəran” iki ildir komandanı çalışdıran A.Mircavadovun başçılığı altında ümumilikdə 73 matç keçirib. Bu görüşlərdə cənubluların 49 qələbəsi ilə yanaşı 16 heç-heçə və 8 məğlubiyyət qeydə alınıb. Cənub təmsilçisi 73 qarşılaşmada 155 top vurub, 52-ni buraxıb.
0