Ağasəlim Mircavadov: “Əsas günah özümüzdədir”
18.05.2008 - 12:15
Ağasəlim Mircavadov: “Əsas günah özümüzdədir”
Lənkəran. Mehman Süleymanov – APA-Sport. “Futbol elə bir oyundur ki, onda sürət olmalıdır. Əgər sürət kim tərəfindənsə yatırdılırsa, oynamağa qoymurlarsa, bu artıq komandanın ziyanına işləyir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov Premyer Liqanın lideri “Olimpik”lə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Lənkəranda çoxsaylı doğma tamaşaçılar qarşısında cari mövsümdə sonuncu oyunda qələbə qazana bilmədiklərinə görə üzülən 61 yaşlı mütəxəssis real qol imkanlarından istifadə etməyin vacibliyini bildirib: “Əlbəttə, əsas günah özümüzdədir. Yakuba Bamba elə yüz faizli qol imkanı vur, qurtardı getdi. Məsələ də həll olunacaqdır. Yenə nə olursa, günah ilk növbədə bizdədir. Əfsuslar olsun ki, liderlə oyunda xal itirdik. “Olimpik”i çempionluq uğrunda vacib xal qazanması münasibətilə təbrik edirəm”. Jurnalistlər qarşısına çıxan ”Olimpik”in məşqçisi çıxan Novruz Əzimov çempionluq yolunda iki xal itirmələrinə baxmayaraq, Lənkərandakı qolsuz heç-heçədən razı qaldığını ifadə edib: “Bu gün çempionluq uğrunda ağır oyunlardan birini keçirdik. Sözsüz ki, “Xəzər-Lənkəran” hazırda Azərbaycanın ən yaxşı klublarından biridir. “Olimpik”, nəhayət, öz oyununa qayıtdı ki, bu da bizim üçün sevindiricidir. Bu, həm də ona görə sevindiricidir ki, iki xal itirsək də, çempionluq yolunda daha bir xal qazandıq. İlk dövrədən sonra Mircavadov iki xal itirdiyimi söyləmişdi. Biz də həmin vaxt eyni aqibətlə üzləşmişdik və bu gün vacib xal əldə etdik. Bu, haradasa futbolçularımıza çempionluq yolunda psixoloji gərginlikdən uzaq olması üçün zəmin yaratdı. Son turda “Qarabağ”la oyunda çempionluq istəyimizə çatacağımızı düşünürük. Bununla da layiq olduğumuz Azərbaycan çempionu adına yetişəcəyik”. Seçdikləri müdafiə meyli oyun taktikasını daxili yarışlar üçün hesablandığını deyən “Olimpik”in 48 yaşlı məşqçisi avrokuboklarda necə oynayacaqlarını zamanın ixtiyarına buraxıb: “Məlum olduğu kimi, bu, daxili yarışlar çərçivəsində bir matçdır. İnşallah, “Olimpik”in beynəlxalq miqyasda necə oyun nümayiş etdirdiyini görəcəksiniz. Mən heç nə vəd verə bilmərəm. Özünüz bunun şahidi olacaqsınız”.
0