“Neftçi” klubunun UEFA kubokuna vəsiqə qazanması “İnter”dən asılıdır
19.05.2008 - 11:53
“Neftçi” klubunun UEFA kubokuna vəsiqə qazanması “İnter”dən asılıdır
Bakı. Mehman Süleymanov - APA-Sport. Ardıcıl üçüncü mövsüm Azərbaycan çempionu ola bilməyən “Neftçi” Bakının “İnter” klubundan asılı vəziyyətə düşüb. “APA-Sport” agentliyinin məlumatına görə, Çempionlar Liqasında sonuncu dəfə 2005-ci ildə çıxış edən flaqmanın heç olmasa, UEFA kubokunda çıxış etməsi bu komandadan asılıdır. İndiyədək UEFA kubokunda ölkəmizi ən çox (4 dəfə) təmsil edən komanda olan “Neftçi” bu turnirdən də kənardan qalmaq təhlükəsi ilə üzləşib. Bu reallaşacağı halda, flaqman İntertotoda oynamaqla kifayətlənməli olacaq. Həmşəhərlilərindən fərqli, UEFA kubokuna vəsiqəni artıq özü üçün təmin edən “İnter” mayın 24-də “Xəzər-Lənkəran”la Azərbaycan kuboku uğrunda final oyununda uduzsa belə, bu turnirdə ölkəmizi təmsil edəcək. Ancaq ukraynalı mütəxəssis Valentin Xodukinin çalışdırdığı komanda ölkə kubokunu qazanacağı halda, UEFA kubokuna digər vəsiqəyə “Neftçi” sahib çıxacaq. Təbii ki, bunun üçün flaqmanın son turda qələbə qazanması da əsas şərtdir. “Neftçi”nin Premyer Liqanın son görüşündə artıq birinci diviziona düşən Bərdənin ABN klubu qəbul edəcəyini, “Xəzər-Lənkəran”ın isə Qaxda “Simurq”un qonağı olacağını nəzərə alsaq, 3-cü pilləni tutub, bürünc mükafatçı olmağa ən real namizəddir. Qaydaya görə, 2-ci yeri tutan komanda ölkə kubokunu da qazanacağı halda, UEFA kubokuna digər vəsiqəni ondan sonrakı, yəni 3-cü pillənin sahibi əldə edir. Azərbaycan kubokunda məğlub olan komanda isə yalnız finaldakı rəqibi ölkə çempionu olacağı halda, UEFA kubokunda oynamaq hüququ qazanır. “Xəzər-Lənkəran”ın isə bu yolla istəyinə çatmasına nəzəri şansı qalır. Məsələ ondadır ki, “İnter”in çempionluq şansı qalıb və V.Xodukinin komandası son turda növbəti qələbəsini qazanıb, lider “Olimpik”in isə uduzacağı halda, qızıl medallar qazanacaq. Qeyd edək ki, çempionatın əsasnaməsinə görə, komandaların xalları bərabər olacağı, qələbə sayı əsas götürüldüyündən, “İnter” “Olimpik”dən üstün durumda olacaq.
0