“Karvan” ikinci dövrədə ən zəif göstəriciyə malik komandadır
19.05.2008 - 13:11
“Karvan” ikinci dövrədə ən zəif göstəriciyə malik komandadır
“APA-Sport” agentliyinin məlumatına görə, Yunis Hüseynovun çalışdırdığı komandanın Premyer Liqada mövsümü hansı yerdə başa vuracağı sona bir tur qalmış rəsmiləşib. “Karvan” Premyer Liqanın son turunda öz meydanında “Simurq”la görüşdə qələbəni əldən verməklə (1:1), 10-cu pilləyə yüksəlmək şansını itirib. Bununla da komanda 4 illik tarixi ərzində ən pis nəticəni göstərib. Bu azmış kimi, “Karvan” ikinci dövrədə ən zəif göstəriciyə malik komandadır. Yevlaxlılar Premyer Liqanı tərk etməyə əsas namizədlər olan Sumqayıtın “Gənclərbirliyi” və Bərdənin ABN klubları kimi mövsümün ikinci yarısında cəmi 8 xal toplayıb. Autsayderlərin hesabında iki qələbə olduğunu nəzərə alsaq, “Karvan” ikinci dövrədə ən az qələbə qazanan komandadır. Yevlax təmsilçisi cari mövsümdə Y.Hüseynovun rəhbərliyi altında yeganə qələbəsini (1:0) XVII tur çərçivəsində martın 15-də öz meydanında “Turan” üzərində qazanıb. “Karvan” ilk dövrədə sabiq baş məşqçisi Təbriz Həsənovun dövründə 15 xal toplamışdı. Qış fasiləsinə 10-cu yerdə çıxan yevlaxlılar mövsümü daha bir pillə geriləməklə başa vurub.
Qeyd edək ki, ötən çempionatı 7-ci yerdə başa vuran “Karvan” bunadək iki mövsümdə Y.Hüseynovun rəhbərliyi altında bürünc və gümüş medal qazanıb.
0